Azərbaycan kinosu: reallıqlar, çağırışlar, hədəflər

10:30 - 15 May 2023

Mövcud çətinliklərə və problemlərə rəğmən Azərbaycan kinosu yaşayır. Kinoforumdan sonra gəldiyim qənaət və gələcəyinə inandığım həqiqət budur. Dünya və tarix daima yüksələn inkişaf xətti ilə irəliləmədiyi kimi, kino sferası, o cümlədən Azərbaycan kinosunun da həyat yolu hər zaman hamar və hamının maraqlarını təmin edən tərzdə olmamışdır. Amma nə yaxşı ki, sənətə, bədii əməyə və onun daşıyacılarına qiymət verən insanlar və dövlətimiz var...

Azərbaycan mədəniyyətinin zəngin ədəbi-bədii nümunələri, bəşəri dəyərlər daşıyan əsərləri insanlığın sənət xəzinə­sinə töhfə verməklə tarixdə özünəməxsus iz buraxıb. Mədəniyyətimizin əsas qolları olan milli musiqi, rəssamlıq, teatr və kine­matoqraf illər boyu ümumbəşəri ideyaları tərənnüm etmişdir.

Tarixə nəzər salsaq milli kinematoqra­fiyanın keçib gəldiyi yolun heç də hamar olmadığını görərik. Mən kinematoqrafiya­mızın ötən əsrin ikinci yarısındakı vəziyyə­tinə nəzər salmaq istərdim. Çünki, məhz həmin dövrdə baş verən proseslər XX əsrdə müstəqil Azərbaycan kinematoqrafiya­sının varolma əsaslarını müəyyənləşdirdi.

Belə ki, Azərbaycanda kinematoqrafi­yanın vəziyyəti II Dünya müharibəsindən sonra müəyyən durğunluq dövrünü yaşa­dı. Mövzuların, hətta kadrların Moskvadan təyin olunması Azərbaycan milli kinosu­nun inkişafına ciddi əngəllər törədirdi. Bakı kinostudiyasının qonşu respublikalardan birinin tabeliyinə verilərək filial kimi fəaliy­yət göstərməsi haqqında Moskvada məxfi şəkildə qərar hazırlanırdı. Azərbaycanın bədnam qonşularının Sov. İKP Mərkəzi Komitəsində və Siyasi Bürodakı yüksək vəzifəli təmsilçilərinin və onların havadar­larının müdaxiləsi sayəsində bu işə zəmin hazırlanırdı. O vaxt Azərbaycanın siyasi rəhbərlyində Heydər Əliyevin yüksək və­zifə tutması bu təhlükənin qarşısını aldı. Belə ki, Mehdi Hüseynzadənin reabilita­siya olunması və Sovet İttifaqı Qəhrəma­nı adını almasında təşəbbüs ulu öndər Heydər Əliyevə məxsusdur. Məhz onun səyləri ilə arxiv materialları araşdırıldı və Moskvada aidiyyəti orqanlara tutarlı fakt­larla Mehdi Hüseynzadənin qəhrəmanlığı sübut olundu. İ.Qasımov və H.Seyidbəy­linin müəllifi olduğu “Uzaq sahillərdə” ro­manı da onun təşəbbüsü ilə yazıldı. Daha sonra Tofiq Tağızadənin quruluşçu-rejis­sorluğu ilə eyni adlı filmin çəkilişləri də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutdu. Bakı kinostudiyasında çəkilişə baş­lanan “Uzaq sahillərdə” filmi 1958-ci ildə uğurla tamamlandı. Bundan sonra Bakı kinostudiyası 1959-cu ildən “Azərbay­canfilm” kimi fəaliyyətini davam etdirdi. Bununla da “Azərbaycanfilm”in qonşu respublikalardan birinin filialı olmaq kimi təhqiredici bir faktın qarşısı alındı! Azər­baycan kino tarixində renessans mərhələ­si kimi yadda qalan bir neçə uğurlu filmin ərsəyə gəlməsi məhz ulu öndərin çox mə­harətlə inşa etdiyi milli özünüdərkə xidmət edən sistemdə, onun özünün də şəxsən irəli sürdüyü təşəbbüs və qərarlar ilə bağ­lıdır. Azərbaycan xalqının maddi-mədəni irsinə, tarixinə sahib çıxması, müstəqil bir xalq kimi milli-mədəni mühitdə yaşayıb in­kişaf etməsi üçün ulu öndər əvəzolunmaz xidmətlər göstərmişdir.

Onun uzaq perspektivə hədəflənmiş və əsasında Milli İnkişaf Konsepsiyası duran fəaliyyətinin Azərbaycanın XX əsr tarixinin bütün sahələrində – siyasət, iq­tisadiyyat, mədəniyyət, elm, ideologiyada bariz nümunələrlə zəngin olduğunu bu gün daha parlaq şəkildə görürük.

Ulu öndərin miras qoyduğu siyasi, mədəni kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev qlobal­laşan dünyanın çağırışlarına Vətən sevgisi aşılayan qürurverici fəaliyyəti və Azərbay­can dövlətçiliyini yeni inkişaf səviyyəsinə qaldırması ilə cavab verdi.

Azərbaycançılıq, müasirlik, tolerant­lıq, multikulturalizm kimi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürməyin əhəmiyyətini zaman-zaman xatırladan Prezident İlham Əliyev, əslində, xalqı bu dəyərlər ətrafında birləşdirməyə və həmin dəyərlərin cəmiyyətin bütün fəaliyyət və yaradıcılıq sahələrində əsas meyar kimi tətbiq edilməsinə nail oldu.

Müasir, “sərhədsiz” dünyada müxtəlif “ideyalar” bir-birini tez-tez əvəz edir, çeşid­li resurslar vasitəsilə müstəqilliyinin bəhrə­sini dadmağa imkan tapmamış ölkələrə asanlıqla daxil olur. Məsələn, natamamlıq psixologiyası, öz xalqının əxlaqi keyfiyyət­lərinə, tarixinə, ictimai-şüurunun sınaqdan çıxmış formalarına yuxarıdan aşağı bax­maq kimi tendensiyalara köklənmiş me­sajlar maraqlı güclər tərəfindən dəstəklən­məkdədir. İdeloji-mənəvi-əxlaqi sferada boşluq yaranan kimi onun yerini mürtəce, separatçı, aqressiv, humanizmdən uzaq müxtəlif növ meyillər, hətta dini-siyasi sap­malar doldurmağa başlayır. Heç şübhəsiz ki, bu ideyaların sürətlə sapmalara məruz qaldığı sahələrdən biri də kinematoqrafi­yadır.

Birinci və hələlik sonuncu Kinoforum Azərbaycan kinosunun mövcud vəziyyə­tini şəffaf şəkildə müzakirəyə çıxardı. Ki­noforumun gedişatı onu göstərdi ki, onun təşkilatçısı olan ölkəmizin Mədəniyyət Na­zirliyi üçün bu sferada qapalı saxlanacaq kiçik bir detal belə yoxdur. Bu isə çox vacib idi. Hər hansı bir xəstəliyin müalicəsi düz­gün qoyulan diaqnozdan asılıdır.

Dörd paneldə müzakirəyə qoyulan mövzular geniş əhatəli şəkildə imkan ver­di ki, çıxışçılar sərbəst şəkildə diskussiya aparsınlar, fikir bildirsinlər. Müzakirələr çox aydın şəkildə Azərbaycan kino sə­nayesinin təxirəsalınmaz həllini gözləyən istiqamətlərini müəyyənləşdirdi. Əsas ana istiqamət xətti isə bunlar oldu: mədəniyyə­timizin ideoloji əsasları olan azərbaycan­çılıq, tolerantlıq, mültikulturalizm, mad­di-mədəni irsimizə sadiqlik! İştirakçıların əksəriyyətinin səsləndirdiyi ana fikirlərin ortaq nöqtəsi də həmin ideyaların Azər­baycan kino incəsənətində daha əhatəli, geniş həcmdə əks edilməsi istəyi oldu.

Azərbaycan kinosu ancaq daxili lokal məkanda fəaliyyət göstərə bilməz. Kine­matoqrafın vacib cəhətlərindən biri də sər­hədləri aşıb mədəni-kulturoloji ixrac po­tensialına malik olmasıdır. Düşünürəm ki, kinematoqrafiyamız “Yumşaq güc” olmaq potensialına malikdir və yaxın perspektiv­də yerləşdiyimiz coğrafiyada mədəni-əx­laqi dəyərlərimizi tanıtmağa və sevdir­məyə malik olacaqdır. Bu prosesi uğurla tətbiq etmək üçün yüksək professionallıq, savad, müasir dünya kinosunda gedən proseslərdən xəbərdar olmaq, ən əsası öz xalqının tarixini, mədəniyətini bilən və sevən peşəkarlar tələb olunur. Özfəaliyyət səviyyəsində, qeyri-professional yanaşma bu prosesi iflasa uğradacaq. Yuxarıda sa­daladığımız mənəvi-əxlaqı keyfiyyətlərin təbliği xalqımıza rəğbət formalaşdırması üçün vacib şərtlərdən biridir. Beynəlxalq kinofestivallarda və film fondlarında iştirak etməklə bu prosesi beynəlmiləlləşdirmiş oluruq.

Kinoforumda səslənən fikirlərin təhlili Pitçinq (layihələrin təqdimatı) prosesinin kinomuz üçün nə qədər vacib olduğunu diqqət mərkəzinə gətirir. Son illər Azər­baycan Respublikasının Mədəniyyət Na­zirliyində Ekspert Şurası, Bədii Şura və sairə kimi müxtəlif adlarla psevdo-pitçinq kimi müsabiqələr keçirilmişdir. Pitçinq isə dəqiq format və reqlament tələb edir. Belə olmasa bu gün Azərbaycan kinosundakı kimi bir nəticə ilə qarşılaşırıq. Pitçinq for­matının peşəkar səviyyədə tətbiqi prodü­ser, distribüter kimi kino səneyesinin vacib sahələrinin formalaşması üçün platfoma rolunu oynaya bilər. Digər tərəfdən, gələ­cək filmin çəkiliş prosesinə peşəkar səviy­yədə nəzarəti də təmin etmiş olacaqdır. Əsas diqqəti dövlət büdcəsindən maliyyə dəstəyi almaq arzusunda olan kinola­yihələrin seçilməsi üzərinə yönəltməyin əhəmiyyətini qeyd etmək istərdim.

KİNOFORUMA SÖZARDI

Kinoforum kino sektorunda yaran­mış problemlərin tam təsnifatını müəy­yənləşdirməsə də, əsas istiqamətləri araşdırmağa meyilli olan çıxışlara və suallara meydan verib cavab ala bildi. Əslində, kino sektorunda çoxsaylı, illər­lə yığılıb qalmış problemlərin həll olun­maması, bu proseslərin davamlı şəkildə daha geniş və peşəkar müzakirələrə eh­tiyacı olduğunu ortaya çıxardı.

Kinoforum problemlərin həlli yollarını axtarmaq üçün fikirlərin, mövqelərin mü­zakirəsi, dərdlərin bölüşülməsi istiqamə­tində irəliyə doğru atılan bir addım oldu. Bu mənada dövlətimizin mədəniyyət si­yasətini idarə edən şəxslər və strukturlar milli kino sənayesinin bir çox məsələlə­rindən agah oldular və sektorun əsas iştirakçılarının potensialına yenidən qiy­mət vermək imkanı əldə etdilər. Fikrim­cə, bu məqam yol xəritəsinin formalaş­dırılması üçün çox vacib amil olmalıdır.

Son 20 ildə – keçmiş Sovet respubli­kaları ilə Azərbaycandakı kino sferasını müqayisə edəndə ölkəmizdə ürəkaçan məqamların az olduğunu görərik. Bu kino sənayesinin qurulması üçün təxirə­salınmaz istiqamətlərdə, daha dəqiq desək, struktur formalaşmasında ay­dın görünür. Məsələn, Beynəlxalq kino fondlarında müştərək layihələrin təmsil olunmaması, EUROIMAGE üzvlüyünə hələ də qəbul olunmamağımız, Azər­baycanda Beynəlxalq səviyyəli (FIAPF-da qeydiyyatdan keçmiş) film festival­larının olmaması, Kino Agentliyinin bu vaxta qədər fəaliyyətə başlamaması, kino yayımında və dublyajda problemlə­rin mövcudluğu, prodüser və distribüter institutlarının beynəlxalq səviyyədə zəif təmsil olunması qonşu ölkələrlə müqa­yisədə kinomuzun geri qalmasını aşka­ra çıxarır. Məhz buna görə gecikmədən kino sektorunun inkişafının yol xəritəsi hazırlanaraq Kino Agentliyinin icrasına təqdim olunmalıdır. 

Kino Agentliyi mütləq peşəkar, ali savadlı kadrlardan təşkil edilməlidir. Fikrimizcə, Azərbaycan kino tarixində müstəsna rol oynamış “Azərbaycanfilm” Kino Mərkəzi kimi fəaliyyət göstərməli, çəkiliş pavilyonları müasir kino sənaye­sinin tələblərinə uyğun yenidən qurulub istifadəyə verilməli, müxtəlif yaradıcı­lıq birliklərinin fəaliyyətini bu mərkəzdə cəmləşdirməklə rentabelli bir təşkilata çevrilməlidir.

Dövlətin təsis edəcəyi Kinofond çər­çivəsində ayırdığı maliyyənin bölüşdü­rülməsi şəffaf müsabiqələrlə, Pitçinqlə müəyyən olunaraq müxtəlif studiyalar arasında paylanmalıdır. Hər hansı bir layihə 100 faiz dövlət tərəfindən maliy­yələşdirilməməlidir. Müxtəlif studiyalar (“Azərbaycanfilm” də daxil olmaqla) bu müsabiqələrdə iştirak etməlidirlər. Belə olan təqdirdə dövlətdən tam asılılıq vərdişindən uzaqlaşarıq, prodüser isə layihənin sahibi kimi fəaliyyət göstərmiş olar.

Dövlət kino sferasına ilkin mərhələ­də kino sənayesinin qurulması üçün müəyyən maliyyə vəsaiti ayırmalı və bu prosesi çox ciddi nəzarətdə saxlamalı­dır. Dövlətin özəl sektora müsabiqələr, tenderlər vasitəsi ilə sifarişlər verməsi praktikasını reallaşdırmağın nə qədər vacib olması mübahisə doğurmamalıdır.

Yerli investorların davamlı olaraq kino sektoruna maliyyə yatırımını təmin etmək üçün vergi qanunlarında müəy­yən güzəştli şərtlərin olmasını təmin et­mək lazımdır. Azərbaycanda kifayət qə­dər investor mövcuddur ki, belə şərtlər daxilində yatırım etməyə hazırdır. Kino sferasında artıq mövcud olan özəl sek­torun fəaliyyəti bunu deməyə əsas verir.

Kino sektorunda müəlliflər heyətində mütəxəssis problemi olmasa da, kömək­çi sahələrdə (I asistent, qrim rəssamı, geyim üzrə rəssam, rəssam-arxitektor, pirotexnik, kaskadyorlar) böyük çatış­mazlıqlar vardır. Bu gün istehsalata, eyni zamanda, 10 tammetrajlı film buraxılsa, bu, daha kəskin şəkildə özünü göstərə­cək. Bu isə kino sənayesinin vacib tələb­lərindəndir. Məhz bu nöqteyi-nəzərdən Mədəniyyət və İncəsənət Universitenin nəzdində (Kino Agentliyinin tabeliyində də ola bilər) daha geniş imtiyazlara ma­lik Ali Kino İnstitutunun yaradılması da aktual görünür.

Həyatı və insan yaşayışını maraqlı edən onu bezdiricilik sindromundan qur­taran müxtəliflikdir. Zövqlərin, tələbatın, istəklərin müxtəlifliyi, bu rəngarəngliyi tanımaq, öyrənmək insana həyatı sevdi­rir. Müasir Azərbaycan kinosu da müxtə­lif janr və istiqamətlər üzrə həyatımızın çeşidli tərəflərini maraqlı hekayələrlə bədii-vizual əsərlər halına gətirərək, tariximizin bir hissəsinə çevrilməkdə­dir. Amma müxtəliflik bədii dəyər ifadə etmədikdə kino çəkmək üçün çəkilən zəhmət də, sərf olunan zaman da in­sana təəssüf hissindən başqa bir hiss yaşatmır. Tamaşaçılar isə Azərbaycan kinosunu seyr edib qürur hissləri ilə ya­şamaq istəyirlər...

 

Şamil ƏLİYEV,

kinorejissor və ssenarist

"Xalq qəzeti"

14 may 2023 - cü il