Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunun keçirilməsi əlamətdar hadisədir. Bunu Kino Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib.
Teatr və kino sahəsinin inkişafı naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan Ş.Məmmədova bu günədək Azərbaycan kinosunun, mədəniyyətinin keçdiyi inkişaf yoluna nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin kino sahəsinə, ümumən mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.
"Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə də qiymətləndirirdi. Bu sahədə problemlərin həlli və uğurlu layihələr də məhz onun adı ilə bağlı idi".
Onun sözlərinə görə, bəzən yayımına icazə verilməyən filmlər olurdu: "Ancaq Ulu Öndərin köməyi ilə həmin filmlər nümayiş olunurdu və sonradan ən populyar ekran işi olurdu. Buna "İstintaq", "Ad günü" ekran əsərlərini nümunə göstərmək olar. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə kinonun həyatında əsl dönüş yarandı, məhz onun göstərişi ilə taleyini kino ilə bağlamış yaradıcı insanların sosial problemləri ilə bağlı mühüm addımlar atıldı. Və sonda Şəfiqə xanım keçirilən bu Forumun milli kinomuzun inkişafına güclü təkan verəcəyinə ümidvarlığını bildirdi.