Tanınmış kinorejissor, ssenarist, Venesiya festivalının “Gümüş şir” mükafatçısı Murad İbrahimbəyovun “ANAMA” tammetrajlı sənədli filmi Bolqarıstanda IV “Rhodope” Beynəlxalq Sənədli Film Festivalında nümayiş olunub. Festival 11-14 iyul tarixlərində Bolqarıstanın Smolyan şəhərində keçirilib.
Bu barədə rejissor özü məlumat verib. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətinə həsr olunan filmin operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri Tofiq Musayevdir.
Film işğaldan azad edilmiş yurdunun hər qarışında mənfur düşmən tərəfindən basdırılmış minaları təmizləyən fədakar insanlar haqqındadır. Rejissor deyib ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. İnsanlar öz torpaqlarını bu ölümsaçan təhlükədən təmizləyirlər.
Qeyd edək ki, “Rhodope” festivalı sənədli film rejissorlarına öz işlərini nümayiş etdirmək, daha çox öyrənmək və beynəlxalq kino peşəkarlarının fikirlərini eşitmək imkanı yaradır. Festival Almaniyanın Höte İnstitutunun Bolqarıstandakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.