Qazaxıstanın Türküstan şəhərində “Altın Saka” III Beynəlxalq animasiya filmləri festivalı keçirilib. 16-18 iyun tarixlərində gerçəkləşən festivalın müsabiqə proqramında türkdilli ölkələrdən ümumilikdə 41 film iştirak edib.
Azərbaycandan “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi festivalda üçüncü yerə layiq görülüb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan kino mütəxəssisləri iştirak ediblər. Ölkəmizi münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi Ramil Ələkbərov təmsil edib.
“Tarix” animasiya filminin qəhrəmanı məktəbli gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini əzbərləyə bilməyən balaca oğlandır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.