Kino veteranının iki xatirəsi

11:50 - 1 May 2023

Bizim milli kinostudiyamızın yubiley ilində nəinki filmlər, eyni zamanda bu filmləri yaradanlar, texniki işçilər, xüsusilə dünyalarını dəyişənlər yada düşür, onların söhbətləri sanki qulaqlarımda yenidən eşidilir.

Ömrünün 57 ilini Azərbaycan kinosu­na həsr etmiş kino istehsalı təşkilatçısı Məmməd Babayevin iki xatirəsini qələmə almazdan əvvəl qısaca da olsa, onun haqqında məlumat verməyi özümə borc bildim.

Məmməd müəllim böyük həyat yolu keçmiş, 93 il ömür sürmüşdür. 1931-ci ildən 1988-ci ilə kimi qısa fasilələrlə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostu­diyasında rejissor köməkçisi, assistenti, montaj sexinin rəisi, plyonka emalı sexin­də texniki-nəzarət şöbəsinin nəzarət us­tası, Respublika Kinoprokat İdarəsində sahə ustası vəzifələrində çalışmış, M.Mi­kayılov, A. Quliyev, İ. Dziqan, T.Tağızadə, N. Şenelaya, V. Turin və digər tanınmış rejissorlarla işləmişdir.

İkinci Dünya müharibəsi illərində M. Babayevlə bağlı eşitdiyim iki hadisə mə­nim həmişəlik yadımda qalmışdır. 

Birinci hadisə

Alman faşist ordusu qəflətən SSRİ-yə hücum edəndən sonra Şimali Qafqazın şəhərlərini ələ keçirəndə Bakının düş­mənlər tərəfindən işğal oluna biləcəyi ehtimalı yaranmışdı. Belə bir vaxtda, işin qızğın çağında kinostudiyaya işə gələn Məmməd Babayev görür ki, bir neçə fəh­lə studiyanın həyətindəki yük maşınına dəmir film qutularını necə gəldi tullayırlar. O, fəhlələrə yaxınlaşıb soruşur.

– Yoldaşlar, nəyə görə bu qutuları necə gəldi tullayırsız maşına?

Fəhlələrdən səs çıxmadığını görən Məmməd müəllim bir daha soruşdu:

– Bu qutuların içi boşdur, yoxsa kino­lent var?.. Filmləri maşına doldurub hara aparırsınız?..

Nəhayət. fəhlələrdən biri cavab verir ki, kinolentləri aparırıq yandıraq. Çünki bu plyonkaları burada saxlamaq olmaz. Əgər düşmən təyyarəsindən studiyaya bircə bomba düşsə, bütün aləm göyə sovrula bilər...

Bu sözləri eşidən Məmməd müəllimin halı dəyişdi, sanki bütün dünya başına fırlandı. O, tez maşının qabağını kəsib, necə qışqırdısa, bir də onu gördü ki, hamı tökülüb kinostudiyanın həyətinə. Kinostudiya o vaxtlar Hökumət evinin arxasında yerləşirdi. Hökumət evi isə hələ tikilməmişdi. Hər tərəf açıqlıq idi. Nə isə, işçilər filmləri qaytardılar yerinə. Sonradan məlum oldu ki, bundan əvvəl artıq bir maşın kinolenti aparıb şəhər­dən kənarda yandırıbmışlar. Heç şübhə etmirəm ki, bu gün axtarıb tapa bilmədi­yimiz bədii, sənədli və animasiya filmləri elə o vaxt məhv edilmişdir.

M. Babayev onu da dedi ki, bu işləri təşkil edənlər studiyada müxtəlif şöbə və sexlərdə vəzifə tutmuş ermənilər imiş. 

İkinci hadisə

Müharibənin davam etdiyi dövrdə Məmmədlə bağlı ikinci çox mühüm əhə­miyyətli hadisə tibb sistemində işlədilən rentgen plyonkalarının hazırlanmasına aiddir. 

Həmin vaxt Bakıda fəaliyyət göstərən hospitallara cəbhələrdən ağır yaralıla­rı gətirirdilər. Onları Semaşko adına xəstəxanada, həmçinin məktəblərdə təşkil olunmuş palatalarda, dəhlizlərdə yerləşdirirdilər. Belə hospitallar Bakının qəsəbələrində də mövcud idi. Çünki yara­lıların sayı-hesabı yox idi. Dərman qıtlığı vardı, Moskvanın yolları bağlı olduğuna görə Bakıya rentgen plyonkalar göndəril­mirdi.

Belə bir çətin vaxtda cərrahlar yara­lılar üzərində rentgensiz əməliyyat apa­ra bilmirdilər. Bəzən də bu işi təcrübəyə əsaslanıb yerinə yetirirdilər. O vaxt bəstə­kar və müğənni Müslüm Maqomayevin əmisi Camaləddin Maqomayev Mərkəzi Komitədə işləyirdi. Günlərin birində o, Məmməd Babayevi MK-ya yanına çağı­rıb dedi ki, Moskvada fotoplastinkaları hazırlayan zavodla əlaqə tamam kəsilib, vəziyyətimiz ağırdır. Siz kustar üsulla rentgen fotoplastinkalarının hazırlanması ilə məşğul olun. 

M. Babayev plyonka emulsiyasının hansı komponentlərdən ibarət olduğunu bilirdi. Amma bunun necə hazırlanmasın­dan xəbərsiz idi. Semaşko xəstəxanası­na yollandı. O, MK-da olanda C. Maqo­mayev ona demişdi ki, Bakı müəssisələri də heç vaxt silah, silah-sursatı, barıt, dinamit, plaş-çadır və s. hazırlamamışdı­lar, amma indi bunu çox yaxşı bacarırlar. Görün, nə edərsiniz? 

Ona görə M. Babayev qollarını çırma­yıb işə başlayır. Xəstəxanada ona ayrıca otaq, lazımi avadanlıq, kimyəvi dərman­lar vermişdilər. Bir neçə nəfər işçi də kömək üçün ona təhkim olunmuşdu.

Beləliklə, M. Babayev, necə deyərlər, yenidən velosiped icad etməli oldu. İş çox ağır gedirdi: gah emulsiya şüşənin üzərində qalmayıb sürüşür, gah da plas­tikanın işığa həssaslığı çox aşağı olurdu. 

Nəhayət, bütün çətinliklər arxada qal­dı. Kino işçisi rentgen fotoplastikalarının ilk nümunələrini hazırlayıb xəstəxana rəhbərliyinə təhvil verdilər. Fotoplastika­lar üçün qutular, etiketlər də hazırlandı. Bundan başqa, M. Babayev foto üçün plastikalarla kinostudiyanın özünü və şəhərin bəzi foto atelyelərini də təchiz edirdi.

Kino muzeyində həmin etiketlərdən biri saxlanılır. Onun üzərində hazırlan­ma tarixi və istehsal edən təşkilatın adı yazılmışdır: 10 fevral 1943-cü il. Azərb. SSR Dövlət Elmi-Tədqiqat Rentgen-Ra­diologiya İnstitutu.

M. Babayev deyirdi ki, bir dəfə bir neçə çekist xəstəxanaya gəlib, buranı yoxlayandan yarım saat sonra o vaxtkı KP MK-nın 1-ci katibi M.C.Bağırov gəl­di. M. Babayevin fotoplastikasında onun böyrəklərinin şəklini çəkdilər. Məlum oldu ki, Bağırovun böyrəklərində daş var.

Müharibə illərində bərk aclıq idi, çörə­yi kartoçka ilə verirdilər. M. Babayevi göstərdiyi xidmətlərinə görə nahar etmək üçün xəstəxanadakı professor yeməkxa­nasına keçirdilər. O, fəxri fərmanlara la­yiq görüldü, qiymətli hədiyyələr aldı.

Bir müddətdən sonra Sovet İttifaqının müttəfiqləri İran vasitəsilə çoxlu müxtəlif materiallar, o cümlədən ərzaq, dava-dər­man göndərməyə başladılar. Göndərilən materialların üzərində yazılmışdı: “Hitle­rizmlə ümumi mübarizədə sovet dostları­mıza müttəfiq dostlardan”.

Məhz bundan sonra fotoplastikaların kustar üsulu ilə istehsalı dayandırıldı. Bu maraqlı hadisə İkinci Dünya müharibəsi ilə bağlı Azərbaycanın kino tarixinin unu­dulmaz səhifələrindən birini təşkil edir.

Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi

"Xalq qəzeti"

30 aprel 2023 - cü il