Bizim milli kinostudiyamızın yubiley ilində nəinki filmlər, eyni zamanda bu filmləri yaradanlar, texniki işçilər, xüsusilə dünyalarını dəyişənlər yada düşür, onların söhbətləri sanki qulaqlarımda yenidən eşidilir.
Ömrünün 57 ilini Azərbaycan kinosuna həsr etmiş kino istehsalı təşkilatçısı Məmməd Babayevin iki xatirəsini qələmə almazdan əvvəl qısaca da olsa, onun haqqında məlumat verməyi özümə borc bildim.
Məmməd müəllim böyük həyat yolu keçmiş, 93 il ömür sürmüşdür. 1931-ci ildən 1988-ci ilə kimi qısa fasilələrlə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi, assistenti, montaj sexinin rəisi, plyonka emalı sexində texniki-nəzarət şöbəsinin nəzarət ustası, Respublika Kinoprokat İdarəsində sahə ustası vəzifələrində çalışmış, M.Mikayılov, A. Quliyev, İ. Dziqan, T.Tağızadə, N. Şenelaya, V. Turin və digər tanınmış rejissorlarla işləmişdir.
İkinci Dünya müharibəsi illərində M. Babayevlə bağlı eşitdiyim iki hadisə mənim həmişəlik yadımda qalmışdır.
Birinci hadisə
Alman faşist ordusu qəflətən SSRİ-yə hücum edəndən sonra Şimali Qafqazın şəhərlərini ələ keçirəndə Bakının düşmənlər tərəfindən işğal oluna biləcəyi ehtimalı yaranmışdı. Belə bir vaxtda, işin qızğın çağında kinostudiyaya işə gələn Məmməd Babayev görür ki, bir neçə fəhlə studiyanın həyətindəki yük maşınına dəmir film qutularını necə gəldi tullayırlar. O, fəhlələrə yaxınlaşıb soruşur.
– Yoldaşlar, nəyə görə bu qutuları necə gəldi tullayırsız maşına?
Fəhlələrdən səs çıxmadığını görən Məmməd müəllim bir daha soruşdu:
– Bu qutuların içi boşdur, yoxsa kinolent var?.. Filmləri maşına doldurub hara aparırsınız?..
Nəhayət. fəhlələrdən biri cavab verir ki, kinolentləri aparırıq yandıraq. Çünki bu plyonkaları burada saxlamaq olmaz. Əgər düşmən təyyarəsindən studiyaya bircə bomba düşsə, bütün aləm göyə sovrula bilər...
Bu sözləri eşidən Məmməd müəllimin halı dəyişdi, sanki bütün dünya başına fırlandı. O, tez maşının qabağını kəsib, necə qışqırdısa, bir də onu gördü ki, hamı tökülüb kinostudiyanın həyətinə. Kinostudiya o vaxtlar Hökumət evinin arxasında yerləşirdi. Hökumət evi isə hələ tikilməmişdi. Hər tərəf açıqlıq idi. Nə isə, işçilər filmləri qaytardılar yerinə. Sonradan məlum oldu ki, bundan əvvəl artıq bir maşın kinolenti aparıb şəhərdən kənarda yandırıbmışlar. Heç şübhə etmirəm ki, bu gün axtarıb tapa bilmədiyimiz bədii, sənədli və animasiya filmləri elə o vaxt məhv edilmişdir.
M. Babayev onu da dedi ki, bu işləri təşkil edənlər studiyada müxtəlif şöbə və sexlərdə vəzifə tutmuş ermənilər imiş.
İkinci hadisə
Müharibənin davam etdiyi dövrdə Məmmədlə bağlı ikinci çox mühüm əhəmiyyətli hadisə tibb sistemində işlədilən rentgen plyonkalarının hazırlanmasına aiddir.
Həmin vaxt Bakıda fəaliyyət göstərən hospitallara cəbhələrdən ağır yaralıları gətirirdilər. Onları Semaşko adına xəstəxanada, həmçinin məktəblərdə təşkil olunmuş palatalarda, dəhlizlərdə yerləşdirirdilər. Belə hospitallar Bakının qəsəbələrində də mövcud idi. Çünki yaralıların sayı-hesabı yox idi. Dərman qıtlığı vardı, Moskvanın yolları bağlı olduğuna görə Bakıya rentgen plyonkalar göndərilmirdi.
Belə bir çətin vaxtda cərrahlar yaralılar üzərində rentgensiz əməliyyat apara bilmirdilər. Bəzən də bu işi təcrübəyə əsaslanıb yerinə yetirirdilər. O vaxt bəstəkar və müğənni Müslüm Maqomayevin əmisi Camaləddin Maqomayev Mərkəzi Komitədə işləyirdi. Günlərin birində o, Məmməd Babayevi MK-ya yanına çağırıb dedi ki, Moskvada fotoplastinkaları hazırlayan zavodla əlaqə tamam kəsilib, vəziyyətimiz ağırdır. Siz kustar üsulla rentgen fotoplastinkalarının hazırlanması ilə məşğul olun.
M. Babayev plyonka emulsiyasının hansı komponentlərdən ibarət olduğunu bilirdi. Amma bunun necə hazırlanmasından xəbərsiz idi. Semaşko xəstəxanasına yollandı. O, MK-da olanda C. Maqomayev ona demişdi ki, Bakı müəssisələri də heç vaxt silah, silah-sursatı, barıt, dinamit, plaş-çadır və s. hazırlamamışdılar, amma indi bunu çox yaxşı bacarırlar. Görün, nə edərsiniz?
Ona görə M. Babayev qollarını çırmayıb işə başlayır. Xəstəxanada ona ayrıca otaq, lazımi avadanlıq, kimyəvi dərmanlar vermişdilər. Bir neçə nəfər işçi də kömək üçün ona təhkim olunmuşdu.
Beləliklə, M. Babayev, necə deyərlər, yenidən velosiped icad etməli oldu. İş çox ağır gedirdi: gah emulsiya şüşənin üzərində qalmayıb sürüşür, gah da plastikanın işığa həssaslığı çox aşağı olurdu.
Nəhayət, bütün çətinliklər arxada qaldı. Kino işçisi rentgen fotoplastikalarının ilk nümunələrini hazırlayıb xəstəxana rəhbərliyinə təhvil verdilər. Fotoplastikalar üçün qutular, etiketlər də hazırlandı. Bundan başqa, M. Babayev foto üçün plastikalarla kinostudiyanın özünü və şəhərin bəzi foto atelyelərini də təchiz edirdi.
Kino muzeyində həmin etiketlərdən biri saxlanılır. Onun üzərində hazırlanma tarixi və istehsal edən təşkilatın adı yazılmışdır: 10 fevral 1943-cü il. Azərb. SSR Dövlət Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu.
M. Babayev deyirdi ki, bir dəfə bir neçə çekist xəstəxanaya gəlib, buranı yoxlayandan yarım saat sonra o vaxtkı KP MK-nın 1-ci katibi M.C.Bağırov gəldi. M. Babayevin fotoplastikasında onun böyrəklərinin şəklini çəkdilər. Məlum oldu ki, Bağırovun böyrəklərində daş var.
Müharibə illərində bərk aclıq idi, çörəyi kartoçka ilə verirdilər. M. Babayevi göstərdiyi xidmətlərinə görə nahar etmək üçün xəstəxanadakı professor yeməkxanasına keçirdilər. O, fəxri fərmanlara layiq görüldü, qiymətli hədiyyələr aldı.
Bir müddətdən sonra Sovet İttifaqının müttəfiqləri İran vasitəsilə çoxlu müxtəlif materiallar, o cümlədən ərzaq, dava-dərman göndərməyə başladılar. Göndərilən materialların üzərində yazılmışdı: “Hitlerizmlə ümumi mübarizədə sovet dostlarımıza müttəfiq dostlardan”.
Məhz bundan sonra fotoplastikaların kustar üsulu ilə istehsalı dayandırıldı. Bu maraqlı hadisə İkinci Dünya müharibəsi ilə bağlı Azərbaycanın kino tarixinin unudulmaz səhifələrindən birini təşkil edir.
Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi
"Xalq qəzeti"
30 aprel 2023 - cü il