ABŞ-ın Los-Anceles şəhərində 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib.
ABC kanalında canlı yayımda qaliblər elan edilib.
İlk elan edilən qaliblər arasında “Pinokkio Qilyermo del Toro” cizgi filmi olub. “Pinokkio Qilyermo del Toro” ən yaxşı cizgi filminə görə mükafat alıb.
Qeyd edək ki, italyan yazıçı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir. “Pinokkio Qilyermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını da qazanıb.
Amerika Kino Akademiyasının məlumatına görə, ikinci planda ən yaxşı aktyoru “Hər şey hər yerdə və dərhal” filmində oynayan Ke Hyu Kuan olub. Aktrisa Ceymi Li Kertis filmdə ən yaxşı ikinci plandakı roluna görə mükafat alıb.
Rejissor Edvard Bergerin çəkdiyi “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi “Ən yaxşı operator işi” mükafatını qazanıb. Ekran əsəri həm də ən yaxşı xarici film kimi tanınıb.
Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb. “Ən yaxşı qısametrajlı bədii film” mükafatını Tom Berkli və Ross Uaytın “İrlandiya sayağı vida” filmi qazanıb.
Mişel Yeoh “Hər şey hər yerdə və dərhal" filmindəki roluna görə "ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.
Eyni zamanda rejissorlar Den Kvan və Daniel Şeynert “Hər şey hər yerdə və dərhal" filmindəki işlərinə görə "Oskar" mükafatını qazanıblar. Den Kvan və Deniel Şaynertin "Hər yerdə hər şey və dərhal" filmi paralel kainatlarda bir qadının şərlə mübarizəsindən bəhs edir.
Aktyor Brendan Freyzer "Balina" ("The Whale") filmindəki roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar" mükafatını alıb.