ARKİ-nin sədri Şəfiqə Məmmədova teatr ictimaiyyətini təbrik etdi

20:36 - 9 Mart 2023

10 Mart - Azərbaycanda milli teatrının yaranmasının 150 yaşı tamam olur. Azərbaycan teatrı  yarandığı dövürdən bu günədək hər zaman fəal mövqeyi ilə seçilmiş,  ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Bu gün ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır və bu teatrların hər biri fəaliyyətini uğurla davam etdirməkdədir. Ümumilikdə Azərbaycan teatrı bizim mədəni sərvətimizdir, bu sərvət qorunub saxlanılmalı, inkişaf etdirilməli və gələcək nəsillərə ötürülməlidir.

Əziz teatr xadimlərini, işçiləri və ömrünü bu sahəyə həsr etmiş hər bir kəsi Azərbaycan milli teatrının 150 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!