“Qız Qalası" filminin premyerası keçirilib

11:11 - 28 Fevral 2023

"CinemPlus"da“Qız Qalası" filminin premyerası keçirilib.

 Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub.

“Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.

Filmin rejissoru Mehdi Ağayev bildirib ki, kinonun Qız Qalasının tarixi ilə heç bir əlaqəsi yoxdur: "Qız Qalası" filminin süjeti şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, “öz adamına” rast gəlib.

Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönməli, ya da “öz adamı” ilə daxildə arzusunda olduğu yeni münasibətlərə başlamalıdır.

Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.

Qeyd edək ki, film tam olaraq geniş auditoriyada, televiziya və onlayn platformalarda yaxın günlərdə təqdim olunacaq.