Elçin Hami Axundovun 75 illik yubileyidir

08:47 - 7 Fevral 2023

 

7 fevral Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü rejissor, rəssam Elçin Hami Axundovun doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti sənətkarı səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayır.

Azərbaycanın tanınmış animasiya rejissoru Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov 7 fevral 1948-ci ildə Bakı şəhərində, İçərişəhərdə  ziyalı ailəsində dünyaya gəlib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1968-ci ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kitab qrafikası rəssamı kimi kiçikyaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəylinin 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. Eyni zamanda uşaqlar üçün müxtəlif mövzulu interaktiv plakatların müəllifidir.

1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-2012-ci illərdə bu studiyanın direktoru olub. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə II Bakı Beynəlxalq Animasiya Festivalında “Qızıl qayıq” mükafatına layiq görülüb.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.