Fevralın 16-dan 26-dək Almaniyada 73-cü Berlin Beynəlxalq Film Festivalı keçiriləcək. Təşkilatçılar Berlinale Klassika bölməsinə daxil edilmiş səkkiz bərpa olunmuş filmlərin adlarını açıqlayıblar. Proqramı David Kronenberqin 1991-ci ildə çəkilmiş elmi-fantastik trilleri “Çılpaq lanç”/“Naked Lunch” filmi açacaq.
Berlinale Klassika bölməsində Çarli Çaplinin melodram janrında çəkdiyi eyni zamanda bəstəkarı olduğu “Parisli qadın” filmi də yer alıb. Qeyd edək ki, 2023-cü ildə filmin 100 yaşı tamam olur.
Proqramdakı daha iki film irqçilik problemlərindən bəhs edir. Söhbət Oliver Şmitz tərəfindən 1988-ci ildə çəkilmiş “Mapantsula” və Stanley Kramerin 1967-ci ildə çəkdiyi "Tap görüm kim nahara gələcək?" filmlərindən gedir.
Berlinale Klassika proqramına həmçinin “ Romeo və Cülyetta kənddə” (1941), Nanni Morettinin “Qızıl xəyalları”, macar detektiv hekayəsi “Alatoran” (1990) və yapon dramı “Gizli əhval-ruhiyyə” (1956) daxildir.