“Berlinale” 2023 film festivalı qısametrajlı filmlər proqramını elan etdi

12:25 - 23 Yanvar 2023

Cari ilin fevralın 16-dan 26-dək Almaniyada 73-cü Berlin Beynəlxalq Film Festivalı keçiriləcək. Festivalın təşkilatçıları 15 ölkədən 20 filmin yer aldığı qısametrajlı film proqramını elan ediblər. Onların arasında bədii, animasiya filmləri, eləcə də bədii –sənədli janrlarda filmlər yer almışdır. Proqramda Rusiyadan heç bir layihənin olmaması xüsusi diqqət çəkir.

Müəlliflərin arasında “Berlinale” qısametrajlı film müsabiqəsində təkrar iştirak edənlər də var. Məsələn, alman rejissoru Volker Şlext bu bölmədə 2016-cı ildə ADR-də qadın həbsxanasından bəhs edən "Sınıq"/"Kaputt" cizgi filmi ilə iştirak edib. Şlext bu dəfə müsabiqəyə Mərkəzi Amerika cəngəlliklərində qurbağaların müəmmalı şəkildə yoxa çıxmasından bəhs edən  “Gözlənti”/ “The Waiting” animadoku ilə qatılıb. Avstriyalı Billi Royz isə dördüncü dəfədir ki, qısametrajlı filmlər proqramında iştirak edir – o, rəng və formaların tamaşaçıya hipnotik təsirinə həsr olunmuş “Xoşbəxt tale”/“Happy Doom” eksperimental videoartını təqdim edəcək.

Nəzərinizə çatdıraq ki, çinli rejissor Zhang Dalei 2021-ci ildə bir ailənin babası ilə keçirdiyi bir gündən bəhs edən “Gün keçdi”/"The Day Has Gone" qısametrajlı filminə görə “Gümüş Ayı” qazanmışdır. Bu dəfə isə  onun  çinli şairin portretini yaratdığı “Bütün sabahki əyləncələr”/"All Tomorrow's Party" filmi müsabiqə üçün seçilmişdir. Bütün filmlər “Ən yaxşı Qısa Film” üçün  “Qızıl Ayı” və “Gümüş Ayı” Mükafatı uğrunda mübarizə aparacaq, bundan əlavə, bölmənin filmlərindən biri ən yaxşı qısametrajlı film üzrə Avropa Film Mükafatına namizəd olacaq.

Berlinale qısametrajlı film müsabiqəsinin qalibləri fevralın 25-də elan olunacaq