Eldar Quliyevin doğum günüdür

11:44 - 18 Yanvar 2023

 Yanvarın 18-i  Azərbaycan kinosunun parlaq nümayəndəsi, milli kinomuzun inkişafında müstəsna rola malik görkəmli sənətkarımız, kinorejissor və ssenarist Eldar Quliyevin doğum günüdür. Öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik olan, həmişə yaradıcılıq axtarışlarında olan, milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən hörmətli və əziz Eldar Quliyev, eləcə də  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, həmçinin də təsisçilərindən biri olmuşdur.

Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb.1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.Kinorejissor Eldar Quliyev ilk dəfə "Biri vardı, biri yoxdu…" adlı qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmlərin müəllifi olan rejissorun  ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi olub və o, bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı.Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti doğum günü münasibətilə sənətkarı hörmətlə anır, ona uca tanrıdan rəhmət diləyir. Ruhun şad olsun əziz və doğma Eldar Quliyev!