Dəyişən zamandır...Xatirələr isə...

12:41 - 17 Yanvar 2023

 

Dahi insanlar haqqında nələrisə yazmaq və danışmaq olduqca çətindir. Ən maraqlısı və təəccüblüsü isə odur ki, bilmirsən nədən və necə başlayasan. Bəli hər şey xatirələrdən başlayır və mən də dərinliklərə baş vurduqca yaradıcılıq və ictimai faəliyyətimin məhz böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevlə bağlı olduğunu görür, qürur hissi keçirirəm. Ulu Öndər indi aramızda olmasa da xoşbəxtlikdən xronika sənəti bizə yaxşıca imkan verir ki, onu canlıdan – canlı duyaq, hiss edək və yenidən həmin maraqlı, mənalı illərə qayıdaq. Heydər Əlirza oğlu barədə o qədər əlamətdar və bir - birindən maraqlı xatirələrim var ki, hətta yazılacaq böyük – böyük cildlərə sığışmaz. Mən bu gün dəqiq deyə bilərəm ki, qismət olsa lap yaxın zamanlarda Böyük İnsanla bağlı xatirələrimdən ibarət bir kitaba və film – monoloqa müəlliflik edəcəyəm.

Heydər Əliyevlə dəfələrlə görüşən, həmsöhbət olan, onun hikmət dolu kəlamlarına diqqət kəsilən bir sənət adamı kimi, necə qürur hissi keçirdiyimi, hədsiz dərəcədə həyacanlandığımı və fərəhləndiyimi ifadə etməyə söz tapmıram desəm. Ulu Öndərlə bağlı xatirələrimi vərəqlədikcə bütün mənalı həyat səifələrimin, yaradıcı və ictimai fəaliyyətimin məhz Böyük İnsanın Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf etdiyindən bu gün də böyük məmnunluq hissi keçirirəm. Mən ötən illərin xatirələrini yada saldıqca bir həqiqəti dərindən dərk edirəm ki, Ulu Öndərin müasiri olmaq, onun çıxışlarını dinləmək, məsləhətlərini eşitmək həqiqətən də böyük səadət, xöşbəxtlikdir. Təbii ki, bütün bunlar barədə düşünmək, yazmaq və xatırlamaq da insanda izaholunmaz xoş duyğular oyadır.

         Mənə verilən fürsətdən istifadə edərək bütün ömrüm boyu yaddaşımda yaşayan və yəqin ki, hər  zaman qəlbimdə yaşayacaq məqamları xatırlamaq istərdim. 1969 – cu ildə  Heydər Əliyev Azərbaycana rəhbər seçilən zaman  mən artıq Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışır və filmlərə çəkilirdim. Onunla ilk görüşüm 1970 – ci ilin mart ayına təsadüf edir. Çox yaxşı bilirdim ki, Heydər Əliyev əsil teatr vurğunu, sənət bilicisi idi. O, bütün həyatı boyu teatra ürəkdən bağlanıb və sevib. Həmin illərdə hansısa siyasi mülahizələrə, naməlum səbəblərə görə böyük söz ustası, məşhur dramaturq Hüseyn Cavidin əsərləri Azərbaycan səhnəsinə yol tapa bilmirdi. Və nəhayət 1970 – ci ildə bizim teatrımız böyük cəsarət nümayiş etdirərək görkəmli dramaturqun “ Xəyyam “ pyesinə müraciət etdi. Həmin il martın 6 – da paytaxtın teatr həyatında görünməmiş bir ilkə imza atıldı. “ Xəyyam” – ın premyerası yüksək peşəkarlıqla tamaşaçı mühakiməsinə təqdim olundu. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycan rəhbəri Heydər Əliyevin xanımı Zərifə xanımla və hələ çox gənc olan oğlu İlhamla birlikdə teatra gəlməsi oldu. Yaxşı bilirdik ki, Heydər Əliyev Hüseyn Cavidin yaradıcılığını necə yüksək qiymətləndirir, onun şəxsiyyətinə hansı dərəcədə hörmət bəsləyir. Biz bunu elə həmin gün bir daha dərindən dərk elədik. Heydər Əlirza oğlu tamaşadan sonra Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, tamaşanın  uğuruna görə təşəkkürünü çatdırdı. Mən  həmin görüşdən aldığım təəssüratı yəqin ki, hec zaman unutmaram.

     Heydər Əliyevlə bu tarixi görüşdən sonra mənim teatr və kino sahəsindəki yaradıcılığımda əsil dönüş mərhələsi başlandı. Böyük şəxsiyyətin çox böyük səxavətlə səsləndirdiyi fikirlər məni həyəcanlandırmaqla bərabər uğurlarıma da stimul verdi. Onun teatra hər gəlişi çoxları kimi mənim üçün də əsil bayrama çevrilirdi. Yaxşı yadımdadır, 1974 – cü ildə onun qərarı ilə Azərbaycan teatrının 100 iliyi ölkə miqyasında əlamətdar bayram kimi qeyd olunurdu. Həmin günlərdə mənim də yaradıcılıq taleyimində silinməz izlər qoydu – Əməkdar artist fəxri adına layiq görüldüm və şəxsən ölkənin birinci şəxsi tərəfindən təbrik olundum.

      Heydər Əliyev və kino. Bu əslində çox geniş mövzudur. Bir onu bildirim ki, o, sənətin bu növünü hədsiz dərəcədə sevir və layiqincə qiymətləndirirdi. Azərbaycan kinosunun bütün problemlərinin həlli, uğurlu layihələr məhz onun adı ilə bağlıdır. Heydər Əlirza oğlu tez – tez kino xadimləri ilə görüşür, rəy və təkliflərimizi diqqətlə dinləyir, düşüncə və planlarımızla maraqlanırdı. Bununla da o, faydalı məsləhətləri ilə kinoda baş verənlərin mərkəzində olur, yaradıcılıq proseslərini dərindən izləyir, həlledici məqamlarda köməyimizə çatırdı. Məhz onun iradəsi və himayəsi ilə o vaxtlar bütün Sovetlər Birliyinə səs salan “ İstintaq ” filmi araya - ərsəyə gəlmişdi. Bütün baş verənlərin və yaradıcılıq proseslərinin şahidi kimi deyə bilərəm ki, bu məhşur filmin əsas müəllifi və prodüseri məhz Heydər Əliyev olmuşdu. Onun təşəbbüsü ilə film SSRİ Dövlət Mükafatına təqdim olundu və mən də SSRİ Dövlət Mükafatına layiq görüldüm.

O dövrdə elə olmuşdu ki, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası planı yerinə yetirə bilməmişdi və təcili olaraq daha bir bədii film çəkilməsi zərurəti ortaya çıxmışdı. Söhbət “Ad günü” filmindən gedir. Filmə quruluş verən və istehsalını həyata keçirən qrupun bütün üzvləri belə bir qərara gəlmişdi ki, kinostudiyaya kömək məqsədi ilə bu filmin çəkilişini əvəzi ödənilmədən başa çatdıraq, təhvil verək. Filmin çəkilişini vaxtından əvvəl başa çatdırdıq və qərara gəldik ki, ekran əsəri barədə fikrini öyrənmək üçün Heydər Əliyevə təqdim edək. O, filmi çox diqqətlə izlədikdən sonra hamımızın ürəyindən olan cümləni işlətdi, “ Bu, tamaşaçıların sevimli filmi olacaq”. Doğrudan da belə oldu, film tamaşaçılar tərəfindən “ ura ” ilə qarşılandı. Heydər Əliyev biləndə ki, film kinematoqrafçıların şəxsi təşəbbüsü ilə təmənnasız çəkilib, qarşılıqlı qiymətini əsirgəmədi. Onun qərarı ilə “ Ad günü ”  filmi Azərbaycan Dövlət mükafatına təqdim olundu. Beləliklə mən də əsas rollardan birinin ifaçısı kimi Azərbaycan Dövlət mükafatı laureatı oldum.

     Heydər Əliyev Milli kinomuzun inkişafı üçün mümkün  olmayanları belə edib. O, kinematqotafçıların yaradıcılığını həssaslıqla dəyərləndirib, onları fəxri adlarla, orden və medallarla mükafatlandırıb. Ölkə rəhbəri filmlərin premyeralarında şəxsən iştirak edir, Azərbaycana gələn məşhur kino xadimləri ilə görüşməyə də vaxt tapırdı.

    Zaman keçdi, Heydər Əliyev Moskvaya, ali dövlət hakimiyyəti orqanında məsul vəzifəyə irəli çəkildi. Yola düşməzdən əvvəl ənənəsinə sadiq olaraq kinematoqrafçılarla da görüşdü. Həmin tarixi görüşdən sonra bir qrup kino xadimi  arasında mən də respublikanın  “ Xalq artisti ” fəxri adına layiq görüldüm.

      Heydər Əliyevlə ayrılıq olduqca kədərli və məyusedici idi. Biz dəqiq bilirdik ki, bu böyük şəxsiyyəti dövlət xadimini və dahi insanı əvəz edəcək kimsəni tapa bilməyəcəyik. O, bizim üçün, sənət üçün çox əziz, əvəzedilməz insan idi və sonralar onun Azərbaycanda olmadığını doğrudan da hər sahədə olduğu kimi mədəniyyət və incəsənətimizdə, o sıradan kino və teatrda da izaholunmaz bir qüssə hissi ilə yaşamalı olduq. Azərbaycan incəsənəti dərin böhran keçirir, kino isə daha dərinlikdə çapalayırdı. Ümumittifaq Kinematoqrafiya institutu və kino üzrə digər təhsil müəssisələri, Sovetlər birliyinin kino qurumları ilə əlaqələr tamamilə zəifləmişdi.

    ....İllər keçdi və hamımız çoxdan bizi bürümüş nigarançılıq dumanının dağılmasına şahidlik etdik. Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gəldi. Həmin günlər sözlə ifadəsi olduqca çətin olan sevinc hissləri yaşadıq.

      Heydər Əliyevin qayıdışından sonra milli kinomuzun həyatında da əsil dönüş, çiçəklənmə dövrünə start verildi.Azərbaycan kinosunda hələ heç zaman heç yerdə rast gəlinməyən müsbət hadisələrin şahidi olduq. Prezidentin fərmanı ilə 2 Avqust dövlət bayramı – Kino Günü kimi qeyd olunmağa başladı. Bu qərarın bütün dünyada analoqu olmadığını da yada salmaq istərdim. Daha sonra kinoda fərqlənənlər üçün Prezident təqaüdləri, Prezident mükafatları təsis edildi.

    Həmin dövrdə Böyük şəxsiyyətin məsləhəti ilə mən də ölkədə dirçəlməkdə olan qadın hərəkatına qoşuldum. Beləliklə Zəhra Quliyeva ilə birlikdə “ Sevil ” Qadınlar Cəmiyyətinin təsisçiləri olduq. Bundan sonra ölkədə müxtəlif qadın ictimai təşkilatları yaradılmağa başlandı. Azərbaycanın fəal qadınlarından ibarət qrup təşkil olundu və biz Pekində keçirilən Ümumdünya Qadınlar Forumunun işində iştirak etdik. Bu da mənim üçün böyük şərəf oldu.

      Heydər Əliyevin humanist qərarı ilə Dövlət Ailə və Qadın Komitəsi təsis edildi. Ölkənin tanınmış ictimai xadimləri sırasında mən də birinci çağırış Milli Məclisə seçkilərdə iştirak elədim və yüksək səs çoxluğu ilə parlament üzvü seçildim.Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkənin inkişafı və bütün dünyada tanınması məqsədi ilə bir sıra xarici ölkələrə rəsmi və dövlət səfərlərinə gedirdi və bu gün xatırlamaq olduqca xoşdur ki, məhz onun tapşırığı ilə bu səfərlərə gedənlərin siyahısına bir neçə dəfə mənim də adım yazılmışdı. Heydər Əliyevlə yola çıxmaq, təyyarədə, xarici ölkələrdə keçirdiyi görüş və tədbirlərdə iştirak etmək, onun necə yüksək səviyyəli dövlət xadimi, məharətli diplomat olduğuna şahidlik etmək isə sözün əsil mənasında böyük səadət və xoşbəxtlik sayıla bilər. Onun müasiri olmaq,  bu böyük səxsiyyətin dövründə yaşayıb yaratmağı taleyin mənə bağışladığı böyük və əvəzedilməz qismət payı hesab edirəm.Məhz bütün bunlara görə mən taleyimdən çox razıyam və Heydər Əliyevi, mənim üçün və bütün azərbaycanlılar üçün son dərəcə əziz olan böyük insanı qəlbimdə, yaddaşımda və xatirələrimdə daim yaşadacağam.Bu gün də mənim yaradıcılıq və pedaqoji fəaliyyətim öz axarı ilə davam edir – amma digər Prezidentin - İlham Heydər oğlu Əliyevin rəhbərliyi və himayəsi altında. Məhz o şəxsin ki, uzun illər əvvəl, hələ məktəbli ikən Azərbaycanın dahi oğlu Heydər Əlirza oğlu Əliyevlə birlikdə mənim iştirak etdiyim teatr tamaşasına gəlmişdi...Dəyişən zamandır, xatirələr isə həmişəyaşar canlı  olaraq qalır və qalacaq.

 

Şəfiqə Məmmədova,

 

Azərbaycan Respublikası  Kinematoqrafçılar İttifaqının sədri,

SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, professor