Yanvarın 10-u Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Əli Nurzadənin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti yubiliyarı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı , uzun ömür və yaradıcılıq uğurları arzulayır.
Məhşur aktyor 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə), Çapar ("Şah Edib", Sofokol), Kərim ("Lənkəran xanının vəziri", M. F. Axundov), Mustafa ("Ulduz, yaxud Ədirnə Fəthi", C. Cabbarlı), Şəfiyev ("Bu dünyanın adamları", Hidayət), Qara xaqan ("Özümüzü kəsən qılınc", B. Vahabzadə), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Baloğlan ("Almaz", Cəfər Cabbarlı), Niyaz ("Yaşar", Cəfər Cabbarlı).
Əli Nurzadə "Mənsur və Sitarə", "Xatirələrdən gəlmiş qonaq", "Ürək yaman şeydir", "Qaçaq Süleyman" və s. teletamaşalarında, həmçinin “İşarəni dənizdən gözləyin”, “Güllələnmiş heykəllər”, “Cavad xan” və s. Azərbaycan filmlərində müxtəlif obrazlar canlandırmışdır.