Dahi insanlar haqqında yazmaq və danışmaq olduqca çətindir: bilmirsən nədən və necə başlayasan. Ümummilli lider Heydər Əliyev müasirlərinin qəlbində silinməz izlər qoymuş, sevgi və ehtiramla yad edilən belə nadir və əzəmətli şəxsiyyətlərdəndir. Buna görə də mən ulu öndər haqqında bu yazıya onunla bağlı unudulmaz xatirələrdən başlamaq istəyirəm.
Heydər Əlirza oğlu Əliyev haqqında silsilə xatirələri qədirbilənliklə yada saldıqca yaradıcılıq uğurlarımın və ictimai fəaliyyətimin məhz ulu öndərin mənə göstərmiş olduğu davamlı qayğı və diqqətlə bağlı olduğunu bir daha görür, bundan hədsiz minnətdarlıq hissi keçirir, qürur duyuram. Ulu öndər 19 ildir ki, aramızda olmasa da xoşbəxtlikdən xronika sənəti bizə imkan verir ki, onu həmişə canlıdan-canlı duyaq və yenidən həmin maraqlı, mənalı illərə qayıdaq. Onun barəsində o qədər əlamətdar və bir-birindən maraqlı xatirələrim var ki, yazılsa cildlərə sığışmaz. Mən yaxın zamanlarda Böyük İnsanla bağlı xatirələrimdən ibarət bir kitaba və film-monoloqa müəlliflik edəcəyəm.
Heydər Əliyevlə dəfələrlə görüşən, həmsöhbət olan, onun hikmət dolu kəlamlarına diqqət kəsilən bir sənət adamı kimi necə qürur hissi keçirdiyimi, hədsiz dərəcədə həyəcanlandığımı və fərəhləndiyimi ifadə etməyə söz tapmıram. Ulu öndərlə bağlı xatirələrimi vərəqlədikcə bütün mənalı həyat səhifələrimin, yaradıcı və ictimai fəaliyyətimin məhz Böyük İnsanın Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf etdiyindən bu gün də böyük məmnunluq hissi keçirirəm. Mən ötən illərin xatirələrini yada saldıqca bir həqiqəti dərindən dərk edirəm ki, ulu öndərin müasiri olmaq, onun çıxışlarını dinləmək, məsləhətlərini eşitmək, həqiqətən, böyük səadət, xoşbəxtlikdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçilən zaman mən artıq Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışır və filmlərə çəkilirdim. Onunla ilk görüşüm 1970-ci ilin mart ayına təsadüf edir. Çox yaxşı bilirdim ki, Heydər Əliyev əsl teatr vurğunu, sənət bilicisi idi. O, bütün həyatı boyu teatra ürəkdən bağlanıb və səhnəni sevib. Həmin illərdə hansısa siyasi mülahizələrə, naməlum səbəblərə görə böyük söz ustası, məşhur dramaturq Hüseyn Cavidin əsərləri Azərbaycan səhnəsinə yol tapa bilmirdi. Nəhayət, 1970-ci ildə bizim teatrımız böyük cəsarət nümayiş etdirərək görkəmli dramaturqun “Xəyyam” pyesinə müraciət etdi. Həmin il martın 6-da paytaxtın teatr həyatında görünməmiş bir ilkə imza atıldı.
“Xəyyam”ın premyerası yüksək peşəkarlıqla tamaşaçı mühakiməsinə təqdim olundu. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycan rəhbəri Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımla və hələ çox gənc olan oğlu İlhamla birlikdə teatra gəlməsi oldu. Yaxşı bilirdik ki, Heydər Əliyev Hüseyn Cavidin yaradıcılığını necə yüksək qiymətləndirir, onun şəxsiyyətinə hansı dərəcədə hörmət bəsləyir. Biz bunu elə həmin gün bir daha dərindən dərk elədik. Heydər Əlirza oğlu tamaşadan sonra Hüseyn Cavidin qızı Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, tamaşanın uğuruna görə təşəkkürünü çatdırdı. Mən həmin görüşdən aldığım təəssüratı, yəqin ki, hec zaman unutmaram.
Heydər Əliyevlə bu tarixi görüşdən sonra mənim teatr və kino sahəsindəki yaradıcılığımda əsl dönüş mərhələsi başlandı. Böyük şəxsiyyətin çox böyük səxavətlə səsləndirdiyi fikirlər məni həyəcanlandırmaqla bərabər, uğurlarıma da stimul verdi. Onun teatra hər gəlişi çoxları kimi mənim üçün də əsil bayrama çevrilirdi. Yaxşı yadımdadır, 1974-cü ildə onun qərarı ilə Azərbaycan teatrının 100 illiyi ölkə miqyasında əlamətdar bayram kimi qeyd olunurdu. Həmin günlərdə mənim də yaradıcılıq taleyimində silinməz izlər qoydu– Əməkdar artist fəxri adına layiq görüldüm və şəxsən ölkənin birinci şəxsi tərəfindən təbrik olundum.
Heydər Əliyev və kino. Bu, əslində, çox geniş mövzudur. Bir onu bildirim ki, o, sənətin bu növünü hədsiz dərəcədə sevir və layiqincə qiymətləndirirdi. Azərbaycan kinosunun bütün problemlərinin həlli, uğurlu layihələr məhz onun adı ilə bağlıdır. Heydər Əlirza oğlu tez-tez kino xadimləri ilə görüşür, rəy və təkliflərimizi diqqətlə dinləyir, düşüncə və planlarımızla maraqlanırdı. Bununla da ulu öndər faydalı məsləhətləri ilə kinoda baş verənlərin mərkəzində olur, yaradıcılıq proseslərini dərindən izləyir, həlledici məqamlarda köməyimizə çatırdı. Məhz onun iradəsi və himayəsi ilə o vaxtlar bütün Sovetlər Birliyinə səs salan “İstintaq” filmi araya-ərsəyə gəlmişdi. Bütün baş verənlərin və yaradıcılıq proseslərinin şahidi kimi deyə bilərəm ki, bu məhşur filmin əsas müəllifi və prodüseri məhz Heydər Əliyev olmuşdu. Onun təşəbbüsü ilə film SSRİ Dövlət mükafatına təqdim olundu və mən də bu mükafata layiq görüldüm.
O dövrdə elə olmuşdu ki,
C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası planı yerinə yetirə bilməmişdi və təcili olaraq daha bir bədii film çəkilməsi zərurəti ortaya çıxmışdı. Söhbət “Ad günü” filmindən gedir. Filmə quruluş verən və istehsalını həyata keçirən qrupun bütün üzvləri belə bir qərara gəlmişdi ki, kinostudiyaya kömək məqsədi ilə bu filmin çəkilişini əvəzi ödənilmədən başa çatdırıb-təhvil verək.
Filmin çəkilişini vaxtından əvvəl başa çatdırdıq və qərara gəldik ki, ekran əsəri barədə fikrini öyrənmək üçün Heydər Əliyevə təqdim edək. O, filmi çox diqqətlə izlədikdən sonra hamımızın ürəyindən olan cümləni işlətdi: “Bu, tamaşaçıların sevimli filmi olacaq”. Doğrudan da, belə oldu, tamaşaçılar filmi coşğu ilə qarşıladılar. Heydər Əliyev biləndə ki, film kinematoqrafçıların şəxsi təşəbbüsü ilə təmənnasız çəkilib, qarşılıqlı qiymətini əsirgəmədi. Onun qərarı ilə “Ad günü” filmi Azərbaycan Dövlət mükafatına təqdim olundu. Beləliklə, mən də əsas rollardan birinin ifaçısı kimi Azərbaycan Dövlət mükafatı laureatı oldum.
Azərbaycan mədəniyyətinin misilsiz hamisi Heydər Əliyev milli kinomuzun inkişafı üçün mümkün olmayanları belə edib. O, kinematqotafçıların yaradıcılığını həssaslıqla dəyərləndirib, onları fəxri adlarla, orden və medallarla mükafatlandırıb. Ölkə rəhbəri filmlərin premyeralarında şəxsən iştirak edirdi, Azərbaycana gələn məşhur kino xadimləri ilə görüməyə də vaxt tapırdı.
Zaman keçdi, Heydər Əliyev Moskvaya, sovet dövlətinin ali rəhbərliyində çox məsul vəzifəyə irəli çəkildi. Yola düşməzdən əvvəl, ənənəsinə sadiq olaraq, kinematoqrafçılarla da görüşdü. Həmin tarixi görüşdən sonra bir qrup kino xadimi arasında mən də gənc yaşımda respublikanın “Xalq artisti” fəxri adına layiq görüldüm.
Sevimli rəhbərimiz Heydər Əliyevlə ayrılıq olduqca kədərli və məyusedici idi. Biz dəqiq bilirdik ki, bu böyük şəxsiyyəti, dövlət xadimini və dahi insanı əvəz edəcək rəhbəri tapa bilməyəcəyik. O, bizim üçün, sənət üçün çox əziz, əvəzedilməz insan idi və sonralar onun Azərbaycanda olmadığını, doğrudan da, hər sahədə olduğu kimi, mədəniyyət və incəsənətimizdə, o sıradan kino və teatrda da izaholunmaz bir qüssə hissi ilə yaşamalı olduq. Azərbaycan incəsənəti dərin böhran keçirir, kino isə daha dərinlikdə çapalayırdı. Ümumittifaq Kinematoqrafiya İnstitutu və kino üzrə digər təhsil müəssisələri, sovetlər Birliyinin kino qurumları ilə əlaqələr tamamilə zəifləmişdi.
...İllər keçdi və zamanın hökmü ilə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gəldi. Həmin günlər sözlə ifadəsi olduqca çətin olan sevinc hissləri yaşadıq. Heydər Əliyevin qayıdışından sonra milli kinomuzun həyatında da yeni dövrə start verildi. Azərbaycan kinosunda hələ heç zaman heç yerdə rast gəlinməyən müsbət hadisələrin şahidi olduq. Prezidentin fərmanı ilə 2 Avqust dövlət bayramı – Kino Günü kimi qeyd olunmağa başladı. Bu qərarın bütün dünyada analoqu olmadığını da yada salmaq istərdim. Daha sonra kinoda fərqlənənlərə Prezident təqaüdü, mükafatlar verilməyə başladı.
Həmin dövrdə Böyük şəxsiyyətin məsləhəti ilə mən də ölkədə dirçəlməkdə olan qadın hərəkatına qoşuldum. Beləliklə, Zəhra Quliyeva ilə birlikdə “Sevil” Qadınlar Cəmiyyətinin təsisçiləri olduq. Bundan sonra ölkədə müxtəlif qadın ictimai təşkilatları yaradılmağa başlandı. Azərbaycanın fəal qadınlarından ibarət qrup təşkil olundu və biz Pekində keçirilən Ümumdünya Qadınlar Forumunun işində iştirak etdik. Bu da mənim üçün böyük şərəf oldu.
Prezident Heydər Əliyevin humanist qərarı ilə Dövlət Ailə və Qadın Komitəsi təsis edildi. Ölkənin tanınmış ictimai xadimləri sırasında mən də birinci çağırış Milli Məclisə seçkilərdə iştirak elədim və yüksək səs çoxluğu ilə parlament üzvü seçildim.
Dünya şöhrətli dövlət və siyasət xadimi Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkənin inkişafı və bütün dünyada tanınması məqsədi ilə bir sıra xarici ölkələrə rəsmi və dövlət səfərlərinə gedirdi. Məhz onun tapşırığı ilə bu səfərlərə gedənlərin siyahısına bir neçə dəfə mənim də adım yazılmışdı. Heydər Əliyevlə yola çıxmaq, təyyarədə, xarici ölkələrdə keçirdiyi görüş və tədbirlərdə iştirak etmək, onun necə yüksək səviyyəli dövlət xadimi, məharətli diplomat olduğuna şahidlik etmək isə, sözün əsil mənasında, böyük səadət və xoşbəxtlik idi. Onun müasiri olmaq, bu böyük səxsiyyətin dövründə yaşayıb yaratmağı taleyin mənə bağışladığı böyük və əvəzedilməz qismət payı hesab edirəm.
Məhz bütün bunlara görə mən taleyimdən çox razıyam və ulu öndər Heydər Əliyevi, mənim üçün və bütün azərbaycanlılar üçün son dərəcə əziz olan böyük insanı qəlbimdə, yaddaşımda və xatirələrimdə daim yaşadacağam.
Bu gün də mənim yaradıcılıq və pedaqoji fəaliyyətim öz axarı ilə davam edir – amma ümummilli liderin sadiq davamçısı Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi və himayəsi altında. Məhz o şəxsin ki, uzun illər əvvəl, hələ məktəbli ikən Azərbaycanın dahi oğlu Heydər Əlirza oğlu Əliyevlə birlikdə mənim iştirak etdiyim teatr tamaşasına gəlmişdi...
Dəyişən zamandır, xatirələr isə həmişəyaşar canlı olaraq qalır və qalacaq.
Şəfiqə MƏMMƏDOVA,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor
“ Xalq qəzeti” 15 dekabr 2022ci il