Fəxrəddin Manafovun doğum günüdür

14:12 - 2 Avqust 2022

Azərbaycan teatr və kino aktyoru, Xalq artisti  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafovun doğum günüdür.

 

Arki.az xəbər verir ki, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Azərbaycanda ekranlaşdırılan bir çox filmlərdə rol alıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti qiymətli xalq artistimizi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır.