“Violonçel” filmindən  Ceremi Ayrons və Tobin Bellə ilk kadr nümayiş etdirilib

11:15 - 24 Noyabr 2021

Layihənin quruluşunu “Mişar: Spiral” (Saw: Spiral) filminin yaradıcısı öz üzərinə götürüb.

Keçən həftə Səudiyyə Ərəbistanında “Violonçel” (The Cello) musiqili qorxu filminin çəkilişləri başa çatdı. İndi isə Deadline portalı eksklüziv olaraq çəkilişlərdən ilk rəsmi kadrı və fotoşəkli paylaşıb. Təqdim  olunan fotoşəkillərdə baş rol ifaçıları Ceremi Ayrons (Gözətçilər/Watchmen) və Tobin Bell (Mişar/Saw) görünür, kadrarxası görüntülərdə isə onlar rejissor Darren Linn Bousmanın (Mişar: Spiral; С днем смерти/Happy Death Day) yanında dayanıblar.

Süjet barədə hələ ki tam məlumat yoxdur. Film simli alətinin qorxunc hekayəsini öyrənən gənc istedadlı violonçelistdən bəhs edir. Filmin əsasını Turki Əl-Şeyx romanı təşkil edir. Romanın ekran adaptasiyası ilə isə müəllif özü məşğul olub.

Qalan aktyor heyətinə Samer İsmail  (Kölgəmi itirdiyim gün/ Yom Adaatou Zouli), Elham Ali (Eşman/Ashmann) və Mila Əl-Zəhrani (Mükəmməl namizəd/The Perfect Candidate) daxildir. Filmin operatoru Maksim Aleksandrdır. O “Şər yuvası: Rakkun şəhəri” (Resident Evil: Welcome to Raccoon City),  “Blay malikanəsinin xəyalətləri” (The Haunting of Bly Manor) və “Şazam!” (Shazam!) kimi bir sıra möhtəşəm layihələrə imza atıb. Film Rozam Media şirkəti tərəfindən maliyyələşdirilir. “Violonçel” filminin ekranlara çıxacağı tarix dəqiq açıqlanmasa da, premyeranın 2022-ci ildə baş tutacağı gözlənilir.