Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında keçirilən müsabiqədə qalib olmuş film layihələrinin dövlət dəstəyi ilə istehsalı davam edir.
Müsabiqənin 11 qalib layihəsindən biri də “Narqız” qısametrajlı animasiya filmidir. İstehsalı davam edən filmin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsini uşaqların, həmçinin böyüklərin nəzərinə çatdırmaqdır.
“Peri Film” MMC (Animafilm Studio) tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru və quruluşçu rəssamı Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, Nəzrin Ağamalıyeva, aparıcı animatoru Firəngiz Bağırova, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirovdur.
“Narqız” qısametrajlı animasiya filminin 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.