Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar artist Loğman Kərimovun 65 yaşı tamam olur.
Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı istedadlı aktyor və rejissor Loğman Kərimovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.