12 iyun Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti, kinorejissor Oqtay Mir - Qasımın 80 illik yubileyidir. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti və rəhbərliyi sənətkarı ürəkdən təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayır.
Oqtay Mir - Qasım 12 iyun 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdır və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. Oqtay Mir - Qasım bir çox sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. “Azərbaycan haqqında etüd” (1969) “Bakı haqqında 10 dəqiqə” (1970), “1001-ci qastrol” (1974), “Gümüşü furqon” (1982), "Şeytan göz qabağında" (1987), “Azərbaycan kinosu-80” (1996), "Ovsunçu" (2002) , “Arzularını çəkən rəssam” (2007), “ Günaydın, mələyim! (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) və digər filmlərin rejissorudur.
Onun filmləri bir çox festivalların mükafatlarına layiq görülüb. Oqtay Mir - Qasım 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
Azərbaycanın Xalq artistidir. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.