“Fikrət Əmirov” filminin nümayişi keçirilib

20:33 - 11 Aprel 2023

Bakıdakı Rus Evində kinorejissor, Azərbaycanın Xalq artisti, Rusiyanın “Dostluq” ordeninə layiq görülmüş Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi nümayiş etdirilib. Film şərq dünyasının dahi bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyi çərçivəsində çəkilib.

Tədbiri giriş sözü ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikov açıb. Gecədə Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova da çıxış edib.

Görkəmli bəstəkarın qızı Sevil Əmirova atasının xatirəsinə və yaradıcılığına göstərilən ehtirama görə rejissora, qonaqlara və Bakıdakı Rus Evinə minnətdarlıq edib. Filmin rejissoru Vaqif Mustafayev çəkiliş qrupuna təqdim olunan arxiv materiallarına görə təşəkkürünü bildirib.

Tədbirdə diplomatik korpusun, Azərbaycan Mədəniyyət Nazirliyinin təmsilçiləri, incəsənət xadimləri, ziyalılar iştirak ediblər.