Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti sənətkarı səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayır.
Anar Rəsul oğlu Rzayev (Anar) 14.03.1938-ci ildə Bakıda şair Rəsul Rzanın və şair Nigar Rəfibəylinin ailəsində anadan olub. 10 illik musiqi məktəbində (1946-1955, indiki Bülbül adına məktəb), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964), Moskvada Ali rejissorluq və ssenaristlər kursunda (1970-1972) təhsil alıb. Ədəbi fəaliyyətə 1952-ci ildə başlayıb. 1980-ci ildə “Şəhərin yay günləri” pyesinə görə Dövlət Mükafatına laiq görülüb. Anarın yaradıcılığının əsas istiqamətlərindən biri də kinodur. Ssenariləri əsasında Torpaq.Dəniz.Od.Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Qəm pəncərəsi” və s. filmlər çəkilib. Bir çox filmlərin ssenari müəllifi olmaqla yanaşı, quruluşçu rejissoru da olub. Ssenarisi və əsərləri əsasında xarici kinematoqrafçıların “Hər axşam saat on birdə” (1969, rejissor Samson Samsonov / Rusiya), “Köhnə aktyor” (2004, rejissor Fevzi Tuna), “Və telefon” (Türkiyə) filmləri çəkilib. Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısıdır. Azərbaycan Dövlət mükafatı, "İstiqlal" (1998), "Şöhrət", "Şərəf" ordenləri laureatı, "Heydər Əliyev Mükafatı", "Humay" mükafatı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.