Rejissor İman Məcidovun 50 yaşı tamam olur

10:38 - 23 Fevral 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü istedadlı rejissor, uzun illərdir televiziyada çalışan və bir çox sənədli televiziya filmlərinin müəllifi olan, eyni zamanda bir neçə filmdə aktyor kimi də iştirak edən  İman Məcidovun 50 yaşı tamam olur. Bu münasibətilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti İman müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edir.

 

İman Əmirhüseyn oğlu Məcidov 23.02.1973-cü ildə Bakıda anadan olub. 1979-1989-cu illərdə 21 nömrəli orta məktəbdə təhsil alıb. 1989-1994-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuş, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1992-2006-cı illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində (AzTV) rejissor assistenti, rejissor, baş rejissor vəzifələrində, 2006-cı ildən 2021-ci ilə qədər SPACE Teleradio MMC-də Mədəniyyət departamentinin rəhbəri, 2021-ci ildən isə bədii rəhbər vəzifəsində çalışır. 2005-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən yaxşı televiziya rejissoru”, 2006-cı ildə Azərbaycan kinosunun təbliğinə görə Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Qızıl çıraq”, 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibi olmuşdur. Rejissor Ramiz Həsənoğlunun 2007-ci ildə ekranlara çıxan “Cavid ömrü” bədii filmində Hüseyn Cavidin gəncliyini, 2022-ci ildə AzTV-nin istehsalı olan, R.Həsənoğluya həsr edilmiş “Uzun yolun bələdçisi” bədii-sənədli filmində Hüseyn Cavid obrazını yaratmışdır.

Müxtəlif bədii televiziya filmlərinin, sənədli filmlərin, verilişlərin rejissoru, layihə rəhbəri olmuşdur. Rejissoru olduğu “Sənətdə keçən ömür. Rəssam Vidadi Nərimanbəyov” sənədli filmi 2011-ci ildə Sevastopolda keçirilən “Pobedili vmeste” VII Beynəlxalq Teleradio Festivalının 1-ci dərəcəli mükafatına, rejissoru olduğu “İdman hamı üçün” verilişi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının mükafatına layiq görülmüşdür.