BAFTA-nın "ən yaxşı rejissor" və "ən yaxşı film" mükafatını qazandı

11:20 - 22 Fevral 2023

Alman rejissor Edvard Bergerin müharibə əleyhinə filmi – “Qərb cəbhəsində yenilik yoxdur” kinodramı Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) “ən yaxşı film” mükafatını qazanıb, rejissorun özü isə  ilin "ən yaxşı rejissoru" elan olunub.

76-cı BAFTA mükafatının sahibləri fevralın 19-da Londondakı “Southbank Center”də Kral festival zalında keçirilən mərasimdə elan edilib.

Erix Maria Remarkın məşhur romanı əsasında çəkilən film mükafata ümumilikdə 14 nominasiya üzrə irəli sürülmüşdü və onlardan 7-də qalib olub. Ekran əsəri “ən yaxşı film” nominasiyasından savayı “ən yaxşı rejissor işi”, “ən yaxşı qeyri-ingilis dilində film” (alman), “ən yaxşı uyğunlaşdırılmış ssenari” (ssenari müəllifləri Lesli Pattreson, İan Stokell), “ən yaxşı operator işi” (Ceyms Frend), “film üçün ən yaxşı musiqi” (bəstəkar Folker Bertelman)  və “ən yaxşı səs” nominasiyalarında da BAFTA heykəlciyi qazanıb.

Filmin premyerası 2022-ci il 12 sentyabrda Toronto (Kanada) kinofestivalında keçirilib. Almaniyada kinoteatrlarda yayımı 29 sentyabrda, “Netflix” platformasında dünya premyerası isə 28 oktyabrda olub.

Qeyd edək ki, alman rejissorun filmi ümumilikdə 9 nominasiya (o cümlədən “ən yaxşı xarici dildə film”) üzrə “Oskar” mükafatına da namizəddir. Amerika Kino Akademiyasının 95-ci “Oskar” mərasimi martın 12-də keçiriləcək. “Ən yaxşı xarici dildə film” adı uğrunda “Argentina, 1985” (Santyaqo Mitre), “Sakit adam” (Kolm Bayrid), “Yaxın” (Lukas Dont) və “İa” (Yerji Skolimovski) ekran əsərləri də yarışacaq.

“Qərb cəbhəsində yenilik yoxdur” bundan öncə ABŞ-da ikinci nüfuzlu kino mükafatı sayılan “Qızıl qlobus”a nominant olsa da, uğur qazanmayıb. Hollivud Xarici Jurnalistlər Birliyinin təsis etdiyi “Qızıl qlobus”un builki mərasimində (10 yanvar) xarici dildə (qeyri-ingilis) ən yaxşı ekran əsəri kimi argentinalı rejissor Santyaqo Mitrenin filmi (“Argentina, 1985”) seçilib.