6 fevral Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Rafiq Əzimovun doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti sənətkarı səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayır.
Rafiq Əşrəf oğlu Əzimov 06.02.1938-ci ildə Bakıda anadan olub. Səsi yaxşı olduğu üçün 4-cü sinifdə oxuyarkən onu məktəbin xor dərnəyinə yazıblar. Tar və dram dərnəyinə də üzv olub. 26 Bakı komissarı adına Mədəniyyət Sarayında Əli Qurbanovun uşaq dram dərnəyinə də gedib. Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi böyüklər üçün dram dərnəyində 6 il fəaliyyət göstərib. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və dram aktyorluğu fakültəsində təhsil alıb. Təhsil illərində 5 əsəri kurs işi kimi təhvil verib. 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Onlarla Azərbaycan filmlərində uğurlu rolları olan aktyor, həmçinin xarici film istehsaçılarının “Mənim mehriban atam” (1970, rejissor İqor Usov, Əli İsmayılov rolunda / Rusiya), “Absurdistan” (2008, rejissor Veit Helmer, dülgər rolunda / Almaniya) filmlərində də çəkilib.1982-ci ildə Əməkdar artist , 2000- ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub .