Fevralın 3-ü Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət ışçisi Nadir Azməmmədovun 70 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti sənətkarı ürəkdən təbrik edir , ona can sağlığı və yaradıcılıq uğurları arzulayır.
Azməmmədov Nadir Mirzə oğlu 3 fevral1953-cü ildə Qobustan rayonun Nərimankənd kəndində anadan olub. 1972-1976-cı illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində, 1980 -ci ildə Moskvada Gənc Kinematoqrafçıların Təkmilləşdirmə Kursunda təhsil almışdır.
1978-ci ildə C. Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasında Dövlət sifarışı ilə istehsal olunan “Od içində”, “Anlamaq istəyirəm”, “Birisigün gecəyarısı, “İşarəni dənizdən gözləyin”, “Qanlı zəmi”, “Qəribə adam”, “Sizi dünyalar qədər sevirdim”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Yaşa, qızıl balıq, “Gecə qatarında qətl”, “Qara Volqa" bədii filmlərində assistent və ikinci rejissor olub.
“ Alman кlinikasına şəxsi səfər”, “Asif, Vasif, Ağasif”, “Biz qayıdacağıq” , “Gecə qatarında qətl” , “Qara Volqa", “Şeytan göz qabağında”, “Niyyət”, Üçüncü günün adamı” bədii filmlərində , həmcinin “Sonuncu fəsil” ,“Vicdan haqqı”,”Ata ocağı” və “Qan qohumları” seriallarında aktyor kimi çəkilmişdir.
Azərbaycan Dəmir Yolunun tarixi inkişaf mərhələlərindən bəhs edən “Dəmir yolunda dəmir intizam”, “Heydər Əliyev dövründə dəmir yolunun inkişaf tarixi”, “Dünyaya açılan pəncərə”, “Dəmir Yolları Əməkdaşlıq Təşkilatı-60” və digər sənədli filmlərin rejissoru olub. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
09.01.2003-cü ildən 01.17. 2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi olub. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır. O, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.