Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb.
İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mir-Qasım, Ayaz Salayev.
Tədbirdə çıxış edən Cəmil Quliyev qeyd edib ki, yeni yaradılacaq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri milli filmləri beynəlxalq arenaya çıxarmaq, beynəlxalq simpozium və konfranslar təşkil etmək, kino infrastukturunu formalaşdırmaqdır.
Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin demokratik, sağlam, mədəni mühitdə inkişafına nail olmaqdır. Biz bu məsələni kinoya gətirib, maarifləndirmə işi aparmalıyıq.
Müzakirədə çıxış edən kinorejissor Oqtay Mir-Qasım Azərbaycan kinosunun mövcud vəziyyətindən söz açıb bu sahənin inkişafının bir nəfərdən asılı olmadığını qeyd etdi: «Kino kollektiv əməyin məhsuludur. Mən 16 yaşında kinoya gəlmişəm və burda püxtələşmişəm. Kinonun inkişafı üçün atılan hər addım, o cümlədən bu qurumun yaranması məni sevindirir. Bu çox şey deməkdir. Biz çox itirmişik, çünki birliyimiz yalnız sözdə olub. Ümid edirəm ki, bundan sonra əməldə olacaq. Beş ildən çoxdur ki, bu barədə çıxışlarım olub».
Oqtay Mir-Qasım kinoşünaslıq ənənələrimizin itirilməkdə olduğunu təəssüflə qeyd etdi və bunu müasir texnologiyalardakı problemlərlə əlaqələndirdi:“Sözsüz ki, uğursuzluğumuz çoxdur. Məncə ötən müddət ərzində həm rəhbərlik, həm də xalq bizdən sanballı iş gözləyirdi. Yenə əvvəlki fikrimə qayıdıram. Biz birləşməliyik.”
Kinorejissor Ayaz Salayev isə bildirib ki, kino xadimləri cəmiyyət üçün həqiqətən dəyərli insanlardır: «Film həm satılmaq, həm də mədəniyyətin təbligi üçündür.Gələcəyə doğru addımlayırıq. Gələcəyə isə sanballı filmlərlə addımlamaq mümkündür. Digər vacib məsələ isə dəyərlərdir. Lazımı dəyərlərin yaranması və inkişafı üçün kino ictimaiyyətinin belə birliyinin yaranması vacib idi. Yaxşı ki, belə bir cəmiyyət yarandı və biz bu cəmiyyətin üzvləriyik».
Müşfiq Hətəmov Azərbycan kinosunun aktual problemlərinə toxundu.
Kinorejissor Vaqif Mustafayev Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətini qeyri-qənaətbəxş hesab etdi: «Hazırda mövcud olan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, bu ittifaq lazımı səviyyədə fəaliyyət göstərmir. Milli filmlər təhlil və təbliğ olunmalı, kino mühiti yaranmalıdır. Kinonun tədrisi də vacib məsələlərdən biridir».
Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunub və Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilib.