Mehdi Mükərrəmoğlu vəfat edib

12:15 - 12 Yanvar 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış ssenarist və jurnalist Mehdi Mükərrəm oğlu Mehdiyev uzun sürən xəstəlikdən sonra yanvarın   11 – də vəfat etmişdir.

Mehdi Mükərrəm oğlu Mehdiyev 1952-ci il aprelin 15-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1969-cu ildə həmin kənddəki orta məktəbi bitirib. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul olunub, 1975-ci ildə universiteti qırmızı diplomla bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin  aspiranturasını bitirib.

Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. Təyinatla Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsində redaktor kimi işləyib, 1977-ci ildən “Kino yenilikləri” qəzeti və “Yeni filmlər” jurnalının birgə redaksiyasında jurnalist fəaliyyətinə başlayıb. Əvvəlcə bu redaksiyada redaktor, sonra məsul katib vəzifələrində çalışıb. Milli kino sənətimiz və dünya kinosu ilə bağlı yazılarına görə dəfələrlə mükafatlara layiq görülüb. 

1992-ci ildən “Kino” qəzetinin baş redaktoru, “Azərkinovideo” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsin mütəxəssis kimi işləyib. Bu müddətdə Azərbaycan Dövlət Universitetində və Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

2002-ci ildən “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi fəaliyyətini davam etdirib.

Bu günə qədər Azərbaycan mədəniyyəti ilə bağlı 2000-ə yaxın məqalə və digər janrda materiallar hazırlayıb dərc etdirib.

Dəfələrlə Mədəniyyət Nazirliyinin keçirdiyi məqalə müsabiqəsinin qalibi olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və İdarə Heyətinin üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.