Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib

13:03 - 14 Noyabr 2022

Noyabrın 11–də paytaxtın Nizami Kino Mərkəzində 13–cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Bu il festivala 79 ölkədən – Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Lüksemburq, Ukrayna, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya və digər ölkələrdən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib. Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15–də saat 19:00–da Nizami Kino Mərkəzində keçiriləcək.