Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı"sı oldu

11:51 - 8 Noyabr 2022

Türkiyənin Bursa şəhərində keçirilən İkinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalında müsabiqədə iştirak edən Azərbaycan filmləri də böyük maraqla qarşılanıb.

 

Arki.az xəbər verir ki, bu barədə festivalın bağlanış mərasimindəkı çıxışlarda bildirilib. Münsiflər heyəti xalq artisti Vaqif Mustafayevi “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edib. Kinorejissor bu mükafata festivalın yarışmasında iştirak edən “Həyat, deyəsən, gözəldir" filminə görə layiq görülüb.

Xatırladaq ki, festivalda Azərbaycandan “Dalan” (Teymur Şahinoğlu) filmi də liderlik uğrunda mübarizə aparıb. Müsabiqədənkənar isə “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri nümayiş olunub.

Digər nominasiyalar üzrə də mükafatlar qaliblərə verilib.

Mərasimdə elan edilib ki, Üçüncü “Qorqud Ata” film festivalına Azərbaycan ev sahibliyi edəcək. Festivalın simvolu nazir Anar Kərimova təqdim edilib.

Nazir çıxışında bütün iştirakçıları Şuşada keçiriləcək film festivalında görmək istədiyini bildirib.

Rəsmi hissədən sonra Xalq artisti Azərin konsert proqramı ilə çıxış edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi və İdarə Heyətinin üzvləri görkəmli kinorejissor, ARKİ – nin İdarə Heyətinin katibi Vaqif Mustafayevi “Qorqud Ata” film festivalında qazandığı mükafat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır.