Respublika Kinematoqrafçılar İttifaqı Kino Günü ilə bağlı tədbir keçirib - FOTOLAR

14:43 - 3 Avqust 2022

Dünən 2 avqust Milli Kino Günü və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasının 10 ili münasibəti ilə qurum möhtəşəm tədbir keçirib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova bütün kino ictimaiyyətini təbrik edib. Ötən 10 il ərzində İttifaqın gördüyü işlər, hazırda davam edən “Şuşa Qürurum Mənim” ssenari müsabiqəsi barədə, təltiflər, edilən yardımlar, tələbə təqaüdləri, xaricə göndərilən ittifaqın üzvləri, bundan əlavə ittifaqın yenicə yerləşdiyi binada aparılması nəzərdə tutulan təmir-bərpa işləri, yaradılacaq kinozallar, müzeylər barədə tədbir iştirakçılarına məlumat verib. 


Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov da kino işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirin davamında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar incəsənət xadimi Rafael Qəmbərov çıxış edərək tədbir iştirakçılarını təbrik ediblər.


Daha sonra İttifaqın sədri Şəfiqə Məmmədova Milli Kino Mükafatını təqdim edib. Mükafat 75 illik yubileyi və kinoya verdiyi tövhələrə görə Xalq rəssamı Rafiq Nəsirova verilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Ramiz Fətəliyev də kinoya verdiyi tövhələrinə görə mükafatlandırılıb. Bundan əlavə “Trend” İnformasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Vüqar İmanov da İttifaqla fəal əməkdaşlığına görə Fəxri Fərmanla təltif edilib.


Tədbirin davamında bir sıra veteran kino xadimlərinə və yubiliyarlara pul mükafatları, qiymətli hədiyyələr təqdim edilib.