Xalq artisti Yalçın Əfəndiyevin 85 illik yubileyi qeyd olunub

11:54 - 23 İyul 2022

İyulun 22-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.

 

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunub.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibiç Əməkdar incəsənət xadimi Cəmil Quliyev kinorejissor Yalçın Əfəndiyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək onun mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında söhbət açdı. Sonra Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar artist, kinorejissor Elxan Qasımov çıxış edərək görkəmli rejissorla bağlı xatirələrini bölüşdülər. Yalçın Əfəndiyevin ailə üzvləri sənətkarın yubiley gecəsinin təşkil olunmasına, xatirəsinin əziz tutulmasına görə təşkilatçılara təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda Y.Əfəndiyevin rejissoru olduğu və 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Yusif Məmmədəliyev” sənədli filmi nümayiş olundu.