Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - Musa Bağırov vəfat edib

13:02 - 12 May 2022

Tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranan gündən qurumun fəal üzvü olub.

 

Professor Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilmişdir. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yarandı. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik etmişdir.
Musa Bağırov həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir. Onunla bağlı film çəkmiş (General Aslanov (film, 1970)), barəsində 1988-ci ildə rus dilində nəşr olunmuş "Generalın yolu", 1999-cu ildə Azərbaycan dilində işıq üzü görmüş "Sərkərdənin taleyi" kitablarının müəllifidir.


Musa Bağırov 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.  

Allah rəhmət eləsin!