Respublika Kinematoqrafçılar İttifaqı Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirir.

11:34 - 17 Mart 2022

Son illər ölkə vətəndaşlarının sosial problemlərinin həlli Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilmiş uğur və inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Bir sıra sahələrlə yanaşı mədəniyyət və incəsənətin, elm və təhsilin, səhiyyə və idmanın inkişafına göstərilən diqqət və qayğı da yaradıcı insanlar tərəfindən olduqca yüksək dəyərləndirilir. 


Bu diqqəti və qayğını daim öz üzərində əyani olaraq hiss edən Azərbaycan Respublikası  Kinematoqrafçılar İttifaqının Heydər Əliyev Fonduna ünvanladığı müraciətdə İttifaqın üzvü, 80 yaşlı veteran kino işçisi Şahin Zavid oğlu Qalabəyovun sağlıq durumu ilə bağlı məlumat verilmiş və ona mümkün dərəcədə kömək göstərilməsi xahiş edilmişdi.

 

Bütün ömrünü və taleyini kino sənətinə bağlayan Şahin Qalabəyov 1957 – ci ildən 1964 – cü ilədək C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çəkilən “ Uzaq sahillərdə”, “ Ögey ana”, “Böyük dayaq”, “ Aygün”, “ Bir qalanın sirri”, “ Sehirli xalat”, “Əsil dost” və digər məşhur filmlərdə  səsləndirmə prosesini ustalıqla həyata keçirmişdir. Sonralar Azərbaycantelefilm Yaradıcılıq Birliyində, Dövlət Film Fondunda çalışan Şahin Qalabəyov bir sıra bədii və sənədli filmlərin araya - ərsəyə gəlməsində səs rejissoru və film direktoru kimi xüsusi faəllıq göstərmişdir. Şahin Qalabəyovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2011–ci ildə ona Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir. 


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı rəhbərliyinin müraciətindən sonra artıq Şahin Qalabəyov Heydər Əliyev Fondunun dəstəyi ilə xəstəliyinin müalicəsini davam etdirməyə başlayıb. Azərbaycan Respublikası Kinmatoqrafçılar İttifaqının rəhbərliyi  göstərilən köməyə və qayğıya görə Heydər Əliyev Fonduna və şəxsən Birinci Vitse – prezindent, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını və təşəkkürünü bildirirlər.