Böyük qələbələr və xoş müjdələr sorağında

14:37 - 14 Yanvar 2022

Böyük qələbələr və xoş müjdələr sorağında

 

Təqvimdə 2022– ci ilin ilk günləridir. Azərbaycan xalqı tariximizin növbəti səifəsini son iki ilin ölkəmizin, dövlətimizin və hər birimizin taleyində dərin iz buraxan, Zəfər salnaməsinə pozulmaz naxışlarla yazılan Qələbə sevinci, məğrurluq ruhu ilə qarşılayır. Biz  çox yaxşı bilirik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sülh və inkişaf çağırışları qarşıdakı dövrdə ölkəmizə, eləcə də bütün Qafqaza dinc həyat, əmin – amanlıq, barış gətirəcək.


    Hər bir Azərbaycan vətəndaşı olaraq biz buna möhkəm əmin olduğumuzu bildirir, dövlət başçısının regionda və bütün dünyada yaranmış yeni reallıqlar fonunda həyata keçirdiyi sülh siyasətini ürəkdən bəyənir və dəstəkləyirik. Cənab İlham Əliyevin ötən il Moskva və Brüssel şəhərlərində keçirdiyi yüksək səviyyəli görüşlər bunu bir daha təsdiqləyir.


    Prezident İlham Əliyevin ənənəvi Yeni il təbriki bir sıra mühüm siyasi və sosial ruhlu məqamlarla zəngin idi. Dövlət başçısı xalqımızın sosial rifahının daha da yaxşılaşacağı, işğaldan azad olunmuş torpaqlarda abadlıq və quruculuq işlərinin geniş vüsət alacağı, ölkənin müdafiə qüdrətinin daha da artırılacağı və digər aktual problemlərin yoluna qoyulacağı ilə bağlı mühüm mesajlar verdi. Hamımızın ürəyindən xəbər verən məqamlardan biri də cənab Prezidentin 2022 – ci ili “ Şuşa ili” kimi elan etməsi oldu. Şuşanın Qarabağ xanlığı tərəfindən təməlinin qoyulmasının 270 illiyi münasibəti ilə cənab Prezidentin bu qərarı siyasi, tarixi və mənəvi baxımdan olduqca önəmlidir və dövlət başçısının bu addımı bir sıra strateji hədəflərə çatmaq baxımından çox dəyərlidir. Şəhərin 270 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçiriləcək, kitablar nəşr ediləcək, filmlər çəkiləcək. Dünya ictimaiyyəti bir daha Qarabağın əsil sahibinin kim olduğunu dəqiq biləcək, erməni vandalizminin nəticələri və saxtakarlığı ilə əyani tanış olacaq. Bu mənada 2022 – ci il Qarabağa qayıdışın başlanğıc mərhələsi kimi qəbul ediləcək.


    Şuşanın növbəti ildə bütün Türk dünyasının mədəniyyət paytaxtı elan ediləcəyi də bu şəhərin inkişafına  yeni impulş verəcək. Ənənəvi olaraq burada “ Xarı bülbül “ festivalının, Vaqif poeziya günlərinin keçirilməsi də şəhərin mədəni həyatına yeni əlvan çalarlar əlavə edəcək. Bu şəhərlə uzunmüddətli sıx təmasları və xoş xatirələri olan insanlardan biri kimi bu xəbəri eşidərkən hansı hissləri keçirdiyimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bütün Qafqazın musiqi beşiyi, mədəniyyət və incəsənət məbədi kimi tanınan dağlar gözəli Şuşa mənim də həyatımda, yaradıcılığımda silinməz izlər qoyub. Ötən il Şuşada keçirilən “ Xarı bülbül “ festivalının iştirakçısı kimi o uzaq illərə xəyalən ekskurs etdim və Şuşanın azad edilməsində əsil qəhrəmanlıq nümunəsi göstərən əskər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə qəlbən təşəkkür etdum, minnətdarlğımı bildirdim.


     44 günlük Vətən müharibəsində Xalq – Ordu birliyi, Müzəffər Ali Baş Komandanın sərkərdəlik və diplomatik səyləri  nəticəsində böyük Zəfərə nail olduq. Cənab İlham Əliyevin və Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş  şəhər və rayonlarımızı tez – tez ziyarət etməsi, ölkəmizə gələn diplomatların, jurnalistlərin və turistlərin o yerlərə səfəri hər birimizin qəlbində Böyük Qayıdışın tezliklə reallaşacağına inam hissi yaradır. Ümid edirik ki, Qarabağ tezliklə yenidən abad və çiçəklənən diyara çevriləcək. Ölkəmizdə baş verən yeniliklərin, həyata keçirilən quruculuq işlərinin, dövlətimizin diplomatik uğurlarının kinolentin yaddaşına köçürülməsi və salnamələşdirilməsi isə biz kinematoqrafçıların öz potensial imkanlarından daha səmərəli və yaradıcılıqla istifadə etməsini zəruri edir. Ümidvaram və əmin edirəm ki, Azərbaycan kinematoqrafçıları üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirəcək, qarşıda bizi gözləyən daha böyük Qələbələr və xoş müjdələr barədə yüksək bədii və estetik tələblərə cavab verən ekran əsərləri yaradacaqlar.


    Bütün xalqımızı, mübariz ruhlu əskər və zabitlərimizi, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi, Birinci vitse – prezident Mehriban xanım Əliyevanı, həmkarlarımı, mədəniyyət və incəsənət xadimlərini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər kəsə öz fəaliyyətində böyük uğurlar arzulayıram.

 

Şəfiqə Məmmədova,

Azərbaycan Respublikası

Kinematoqrafçılar İttifaqının sədri,

SSRİ və Azərbaycan Dövlət

Mükafatları laureatı, professor

 

6 yanvar 2022  "Xalq qəzeti"