Xalq artisti Ənvər Həsənovun 70 illik yubileyi tamam olur

00:00 - 17 Avqust 2020

Bu gün xalq artisti Ənvər Həsənovun 70 illik yubileyi tamam olur.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Ənvər Cəfər oğlu Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinifə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. 1966-cı ildən başlayaraq, aktyor bir neçə filmdə epizodik rola çəkilir. Sonralar isə "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və digər filmlər də olmaqla 35 kinoda bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti”, 2018-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da üzvü olan dəyərli sənətkarımızı 70 illik yubileyi münasibətiylə İttifaqın İdarə heyəti adından təbrik edirik, ona möhkəm can sağlığı, yaradıcıllıq uğurları arzulayırıq.