ARKİ-nin katibi, Xalq rəssamı Mayis Ağabəyov vəfat edib

00:00 - 18 İyun 2020

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də 79 yaşında vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki o, ürək çatışmazlığından dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olub. Xalq rəssamı əsasən kino və geyim rəssamlığı sahəsində tanınıb, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaradıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi olan Mais Ağabəyov “Nizami”, “Nəsimi”, “Babək” və digər kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olub. O, 2000-ci ildə Xalq rəssamı  fəxri adına layiq görülüb.

Görkəmli Xalq rəssamının vəfatı ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və üzvləri mərhumun ailəsinə, sevənlərinə dərin hüzünlə başsağlığı verir, onlara səbr arzulayır.

Allah rəhmət eləsin!