Həsən Məmmədovun doğum günüdür - Qəbirüstü abidəsi ziyarət edildi

00:00 - 22 Noyabr 2019

Mirzə Səfər, Dədə Qorqud, Qəmərlinski və digər yüzlərlə obrazı ilə Azərbaycan tamaşaçısının yaddaşında qalan aktyor Həsən Məmmədovun bu gün doğum günüdür.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Azərbaycanın xalq artisti Məmmədov Həsən Ağaməmməd oğlu 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.

Sentyabr ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdıb.

İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il may ayının 27-də dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb.

Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il noyabr ayının 18-də Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olub.2003-cü ilin 26 avqustunda vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.

Sənətkarın doğum günü münasibətiylə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, İdarə heyəti və üzvləri Həsən Məmmədovun qəbirüstü abidəsini ziyarət edib, onunla bağlı xoş xatirələrini danışıblar.