Bu gün Rasim Ocaqovun doğum günüdür - Qəbirüstü abidəsi ziyarət edildi

00:00 - 22 Noyabr 2019

Bu gün Azərbaycanın görkəmli rejissoru Rasim Ocaqovun doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, R. Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskovada ÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı, respublikanın xalq artisti olub.

Rasim Ocaqov Azərbaycan xalqının yaddaşında rejissor, operator, ssenari müəllifi, bədii rəhbər, ikinci operator kimi qalıb. Filmlərdə və arxiv kadrlarda iştirak edən Ocaqov Azərbaycan kino rejissoru və operatoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ-nin Dövlət mükafatı laureatı, və Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980) olub.

Rejissorun tammetrajlı filmləri: • “Tütək Səsi” (1975) • “Qatır Məmməd” (1974) • “Ad Günü” (1977) • “İstintaq” (1979) • “Bağlı Qapı” (1981) • “Park” (1984) • “Özgə Ömür” (1987) • “Ölsəm Bağışla” (1989) • “Qətldən Yeddi Gün Sonra” (1991) • “Təhminə” (1993) • “Həm Ziyarət, Həm Ticarət” (1995) • “Otel Otağı” (1998)Bundan başqa Rasim Ocaqov 70-dən çox filmin çəkilişində bilavasitə iştirak edib.

Sənətkarın doğum günü münasibətiylə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, İdarə heyəti və üzvləri Rasim Ocaqovun qəbirüstü abidəsini ziyarət edib, onunla bağlı xoş xatirələrini danışıblar.