00:00 - 8 Noyabr 2018

Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, A. Pənahova gecə saatlarında vəfat edib. Peşəkar aktrisa bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, xalq artistinin 73  yaşı var idi.

Xatırladaq ki, A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub. 

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Xalq artisti, Professor Amaliya Pənahovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüzünlə başsağlığı verir, səbr arzulayır.