Filmlərin bərpası üzrə baş mütəxəssis Tamilla Muxtarovanın 65 illik yubileyidir
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, bu gün filmlərin bərpası üzrə baş mütəxəssis Tamilla Muxtarovanın 65 illik yubileyidir.
Tamilla Muxtarova 1953-cü il iyunun 18-də Bakı şəhərində anadan olub. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyat İnstitutuna daxil olub.
1973-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəl aşkarlama sexində, sonra isə montaj sexində montaj ustası kimi çalışmağa başlayıb. 2007-ci ilə qədər montaj ustası kimi xronikal-sənədli, elmi-kütləvi, animasiya, dublyaj və çox sayda bədii filmlərdə işləyib. Tamilla Muxtarova “Lətifə”(1989), “Boş yer” (1989), “Mənim ağ şəhərim” (1993), “Sarı gəlin” (1998), “Güllələnmə təxirə salınır”(2002), “Biz qayıdacayıq” (2007) və s. bədii, “Sirk mənim həyatımdır” (1978), “Metro”, “Əsrin kontraktı” (1996), “Doğma diyar”, “Şopenin qayıdışı” və s. sənədli filmlərdə çalışıb.
2007-ci ildən Azərbaycan Dövlət Film Fondunda “filmlərin bərpası üzrə baş mütəxəssis” vəzifəsində çalışır.
2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Tamilla Muxtarovanı İttifaqın idarə heyəti adından 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.