Xalq artisti Oqtay Mirqas?movun 75 illik yubileyidir

00:00 - 12 İyun 2018

Bu gün Xalq artisti Oqtay Mirqasımovun 75 illik yubileyidir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Oqtay Mirqasımov 12 iyun 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.  Təhsilini başa vurduqdan sonra Bakıya qayıdır və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. Oqtay Mirqasımov bir çox sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. “Azərbaycan haqqında etüd” (1969)  “Bakı haqqında 10 dəqiqə”  (1970), “1001-ci qastrol” (1974),  “Gümüşü furqon” (1982),  “Azərbaycan kinosu-80” (1996),   “Arzularını çəkən rəssam” (2007), “ Günaydın, mələyim! (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) və digər filmlərin rejissorudur.

Onun filmləri Ümumittifaq festivallarında bir çox mükafatlara layiq görülüb. Oqtay Mirqasımov 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.

 Azərbaycanın Xalq artistidir.  2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

 Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi olan Oqtay Mirqasımovu  İttifaqın idarə heyəti adından 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.