Bu gün Xalq rəssamı Tahir Tahirovun 70 illik yubileyidir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Tahir Rəşid oğlu Tahirov 1948-ci il may ayının 30-da dünyaya gəlib. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirib. Müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini verib. Tahir Tahirov Dövlət Akademik Opera və Balet Teatrında da quruluşçu rəssam vəzifəsində çalışıb. Həmin teatrın səhnəsində F.Əmirovun "Sevil", "Min bir gecə", "Nizami", C.Verdinin "Travita" operalarına, Donisettinin "Arlekinada", P.İ.Çaykovskinin "Romeo və Cülyetta", T.Bakıxanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və Qara", Q.Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin də quruluşçu rəssamı olub. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, M.Füzuli, Prezidentin and içmə mərasimi və başqaları vardır. Tahir Tahirovun kinoya xidmətləri də saysızdır. O bir çox filmlərin quruluşçu rəssamı olub. Onlardan Babək (1979), Şeytan göz qabağında (1987), Yoxlama (2006), Cavad xan (2009), Sübhün səfiri (2012), Qorxma, mən səninləyəm! 1919 (2013) və başqalarını sadalamaq olar.
Tahir Tahirov 25 iyun 2013-cü ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Tahir Tahirovu İttifaqın idarə heyəti adından 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.