?m?kdar inc?s?n?t xadimi Arif Qaz?yevin 80 illik yubileyidir

00:00 - 17 May 2018

Bu gün Əməkdar incəsənət xadimi Arif Qazıyevin doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirir ki, Arif Lətif oğlu Qazıyev 1938-ci il may ayının 17-də  Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlir və Teatr İnstitutunda təhsilini davam etdirir. Arif Qazıyev hələ uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub. 1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, görkəmli sənətkarlarla təmasda olub və televiziyada ilk kişi diktoru olub, Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb.

O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib. Arif Qazıyev 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir.  1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.

Arif Qazıyev “Payız melodiyaları” (1974), “Şəhər üzərində mahnı” (1965), “Salam Zeynəb” (1982), “Sevinc” (1968), “Təsnif” (1969), “Toyda görüş” (1970), “Qara Qarayev” (2003), “Məşədi İbad -94” (2005) və digər filmlərin müəllifidir.

Arif Qazıyev 1988-ci ildə Muğam Teatrı yaradıb.

 

Əməkdar incəsənət xadimidir, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Ailəlidir. Iki qız övladı var.

 

Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Arif Qazıyevi İttifaqın idarə heyəti adından 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.