00:00 - 4 May 2018

Bu gün əməkdar rəssam Mehriban Əfəndiyevanın doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Mehriban Əfəndiyeva 5 may 1968-ci ildə Bakı şəhərində anadan olub. 1984-88-ci illərdə  Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Daha sonra Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. 2004-cü ildə ABŞ və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ixtisasını yüksəltmək məqsədilə Amerika Dövlət Departamentinin Beynəlxalq Qonaq Proqramının iştirakçısı olub.

Mehriban Əfəndiyeva müxtəlif vaxtlarda C. Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasında cizgi rəssamı, geyim rəssamı, çəkilişə hazırlıq şöbəsində aparıcı mütəxəssis kimi çalışıb. Hazırda  “Azərbaycanfilm” kinostudiyasında  Bədii İstehsalat şöbəsinin geyim rəssamı vəzifəsində fəaliyyət göstərir.

Mehriban Əfəndiyeva Azərbaycan Rəssamlar İttifaqının,  Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Onun əsərləri bir çox sərgilərdə nümayiş olunub.

O, bir çox filmlərdə -  “Qırmızı qatar” (1993), “Qara ney” (1994), “Özgə vaxt “(1996), “Otel otağı” (1998), “Hacı Qara” (2002), “Məkanın melodiyası” (2004), “Qızlar” (2007), “Məhkumlar” (2007), “Absurdistan” (2008), “Qaydasız döyüş” (2009), “Ailəmiz” (2013) və digərlərində rəssam və geyim rəssamı kimi işləyib.

 

Mehriban Əfəndiyeva 2016-cı ildə Azərbaycan kinosunun inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam”  fəxri adına layiq görülüb. 

 

Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Mehriban Əfəndiyevanı İttifaqın idarə heyəti adından 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.