Fevralın 9-da M.Moqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcılıq təşkilatlarının rəhbərləri və üzvləri qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantı keçiriblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, ölkə ziyalıları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında bəyanat qəbul ediblər.
Toplantıda ziyalılar ölkə həyatında son illərdə görülən işlərdən danışıb, yaradıcı insanlar üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laueratı, Professor Şəfiqə Məmmədova 1969-cu ildə Ulu Öndərin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan kinosunun inkişaf dövrünə qədəm qoyduğunu söyləyib. Bildirib ki, bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər, qəbul olunan Dövlət proqramları bütün sahələrdə olduğu kimi, kinematoqrafiya sahəsində də böyük dönüş yaradıb. Məhz bunun nəticəsidir ki, gənc rejissorlar yeni-yeni ekran əsərləri çəkir, filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş olunur. Hər il ölkəmizdə 2 avqust - Milli Kino Günü kimi qeyd edilir. Hazırda kino haqqında yeni qanun hazırlanır.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə qeyd ediləcək Azərbaycan kinosunun 120 illiyi ilə bağlı görüləcək işlərdən söz açan Xalq artisti bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin ölkəmizdə kino sənətinin inkişafına verdiyi dəyərin bariz nümunəsidir: “Bu gün kinematoqrafların bir namizədi var, o da İlham Əliyevdir. Biz yekdilliklə ona səs verəcəyik, ona sadiqik və hər zaman da onunlayıq”.
Sonra yaradıcılıq təşkilatlarının bəyanatları səsləndirilib. Bəyanat toplantıda iştirak edən təşkilatların nümayəndələri tərəfindən imzalanıb.
Bəyanatda vurğulanır ki, Azərbaycan ziyalıları ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Bildirilir ki, onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.