Bu gün Azərbaycanın görkmli kinooperatoru, rejissor və ssenari müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı Zaur Məhərrəmovun doğum günüdür.
Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub. Fəaliyyətə 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb və institutu əla qiymətlərlə bitirərək “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib.O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.
1963-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Bir neçə sənədli filmin rejissorudur.
Tamaşaçıların sevə-sevə baxdıqları “Uşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları” və s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur.
80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə “Yaddaş” studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən “Bakı balkonları”, “Köç”, “Üzeyir Hacıbəyov”, “Həbib və Gülxanım” və c. filmlərini yaradıb.
Onun müəllifi olduğu filmlər bir çox Beynəlxalq Festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Son olaraq, “Həbib və Gülxanım” filmi 9-cu Nyu-York Türk filmləri festivalına qatılıb və uğur qazanıb.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, professor Zaur Məhərrəmov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik bir sənətçidir.
Bu gün 80 illik yubileyi tamam olan Əməkdar İncəsənət Xadimi Zaur Məhərrəmovu üzvü olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti ürəkdən təbrik edir, ona can sağlığı yaradıcıllıq uğurları arzulayır.