00:00 - 1 Dekabr 2017

Noyabrın 30-da Dövlət Film Fondunda görkəmli televiziya rejissoru Əmirhüseyn Məcidovun 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar foyedə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək rejissorun milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından hesab edilən Ə.Məcidov özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlardan olub. 1937-ci il noyabrın 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz açan rejissor 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. Sənətkar, “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu”, “Kitab köşkü”, “Yazıçılarımızın yaradıcılığından səhifələr”, “Səhər görüşləri” kimi verilişlərin rejissoru olub. Onun hazırladığı “Klassik irsimizdən” silsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdışı əks etdirirdi. Ə.Məcidov “Tikanlı məftillər”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Polkovnik Şaber” kimi teletamaşaların rejissoru kimi da tanınır.

 

Tədbirdə Xalq Artisti Səidə Quliyeva, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, aktyor Nadir Hüseynov və başqaları çıxış edərək böyük sənətkarın folklora, ozan sənətinə bağlı olduğunu vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Televiziyasında onlarla verilişə quruluş verən Ə.Məcidovun ən böyük uğuru 1981-ci ildə ekranlara çıxan “Ozan” folklor toplusu ilə bağlıdır. 10 il tamaşaçıların ən sevimli verilişlərindən birinə çevrilən “Ozan” folklor toplusu Azərbaycan Televiziyası tarixində yeni bir səhifə açaraq, təzə bədii-estetik telemühit yaratdı. Milli dəyərlərimizi, aşıq-ozan sənətimizi, adət-ənənəmizi ekranda canlandıran həmin veriliş tamaşaçılar tərəfindən çox maraqla qarşılanırdı.

 

Qeyd edilib ki, beş kitab müəllifi olan sənətkarın pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub.

Tədbirdə rejissorun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.