00:00 - 29 İyun 2016

“Bu kino ki var” layihəsində milli kinomuzun nadir incilərindən sayılan “Tütək səsi” filmindən danışacağıq.

 

Gəlin əvvəlcə yaddaşımızı təzələyək. Film 1975-ci ildə rejissor Rasim Ocaqovun yozumunda ərsəyə gəlib. Yazıçı İsa Hüseynovun “Tütək Səsi” və “Saz” povestlərinin motivləri əsasında ekranlaşdırılan filmdə əsas rolları Akif Məhərrəmov (Tapdıq), Mixail Volontir (Cəbrayıl), Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Liya Eliava (Sayalı), Səfurə İbrahimova (İsmət), Xalidə Quliyeva (Milli), Şükufə Yusupova (Tutu), Ötkəm İsgəndərov (Nuru), Şamil Süleymanov (Cümrü) canlandırır. Filmin bəstəkarı Aqşin Əlizadədir.

 

“Tütək səsi” 1976-cı ildə Bişkekdə keçirilən IX Ümumittifaq kinofestivalında ən yaxşı film kimi mükafat alıb. Filmin ssenari müəllifi İsa Hüseynov isə Qırğızıstan Yazıçılar İttifaqının Diplom və Prizinə layiq görülüb.

Milli obrazını canlandıran əməkdar artist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü Xalidə Quliyeva filmlə bağlı xatirələrini Publika.az-a danışıb.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Necə oldu “Tütək səsi” filminə dəvət aldınız?

- Sözün düzü, rejissor Rasim Ocaqov məni “Nəsimi” filminin premyerasında görüb bəyənmişdi. Həmin vaxt onun həyat yoldaşı Sveta xanımla da ailəvi dostluq edirdik. Sveta xanım mənə deyirdi ki, Rasim həmişə səndən danışır, səni tərifləyir. Hər kəs ona Ocaqov deyə müraciət edirdi. Bir gün mənə dedilər ki, Ocaqov səni yanına çağırır. Kinostudiyanın ikinci mərtəbəsində yerləşən kabinetinə girəndə tüstü-dumandan heç nə görmədim. Rasim müəllim o qədər siqaret çəkmişdi ki, tüstüdən göz-gözü görmürdü. Yeri düşüb deyim ki, Ocaqov çox siqaret çəkirdi. Hətta ürək əməliyyatından çıxanda reanimasiyada birinci istədiyi siqaret olmuşdu. Siqareti siqaretə calayırdı, arada fasilə vermirdi. Mən tüstüyə görə otağa girmək istəmirdim, Rasim müəllim çağırdı ki, gəl, qorxma, boğulmazsan. Sssenarini mənə verib, qısa və konkret şəkildə dedi ki, get, ssenarini oxu, Milli rolu sənindir, çəkilişə hazırlaş.

 

- Təklifə sevindiniz yəqin?

- Sözün düzü, çəkilmək həvəsim yox idi, çünki “Nəsimi” filmini yenicə təhvil vermişdik. Fatimənin dəhşətli faciəsini hələ yaşamaqdaydım, obrazın təsirindən çıxa bilməmişdim. Bilirsiniz ki, “Nəsimi” də çox ağır filmdir. Amma ssenarini oxuyandan sonra fikrim dəyişdi. Milli rolununu adı da xoşuma gəlmişdi, energetikası da. Çox xoşagəlimli qız idi, həmkəndlilərinə ümid verirdi. Hətta ölüm xəbərləri olanda məktubları gizləyirdi, vermirdi. İnsanlara əzab verməmək üçün onları aldadırdı. Bu işıqlı qızın obrazı çox ürəyimə yatdı. Beləcə Milli kinoda mənim ikinci böyük rolum oldu.

 

- Çəkilişlər harada aparılırdı?

- Qusarın Qonaqkənd kəndində.  Çəkiliş vaxtı olduqca maraqlı günlər yaşadıq. Çəkilişlər gecəyarısına qədər davam edirdi. Kənd camaatı kənd nemətlərindən götürüb çəkiliş meydançasına gəlirdi, səhərə qədər ocaq qalayıb, ətrafına yığışırdıq.  Düz iki aydan artıq çəkilişlər davam elədi.

 

- Yəqin ki, çəkiliş zamanı maraqlı əhvalatlar olub…

- Film çəkilə, maraqlı hadisələr baş verməyə? Millinin sevdiyi oğlana – Tapdığa monpası verdiyi kadrın çəkilişi zamanı qəfildən konfet nəfəs boruma düşdü. Rəngim göyərdi, nəfəs ala bilmədim. Ocaqov və digər yaradıcı heyət qaçıb yanıma gəldilər. Hər kəs həyəcan içində qışqırırdı. Məni çevirib kürəyimə vurdular, konfeti güclə boğazımdan çıxardılar. Bir anın içində ölə də bilərdim. Rasim müəllim dedi ki, çəkilişi saxlayın. Ocaqovun rəngi ağappaq ağarmışdı, mənə görə çox qorxmuşdu. Etiraz etdim ki, yox, yaxşıyam, çəkilişi saxlamayın. Həmin gün səhərə qədər məni yatmağa qoymadılar. Ocaqov və digər aktyorlar tez-tez yatdığım otağın qapısını döyüb soruşurdular ki, Xalidə necəsən?

 

- Filmdə çoxlu kütləvi səhnələr də maraq doğurur. Kimlər idi onlar?

- Hamısı kənd camaatı idi. Ümumilikdə filmə 500-dən artıq kəndli çəkilib. Yaxşı yadıma saldınız, nəinki Qonaqkənd, digər kəndlərdən də filmin sorağına gələnlər vardı. Cümrünün damın başında tütək çalması səhnəsi çəkiləndə bütün kənd çəkiliş meydançasına yığışmışdı. Hər kəs Ocaqova qışqırırdı ki, o xəstə uşağı niyə damın başına çıxarmısınız? Kənd qadınları özlərini öldürürdülər ki, bu saat uşaq damın başından yerə yıxılacaq. İnsanlar o qədər sadəlövh idilər ki, onları başa salmaq mümkün deyildi. Bu, əslində, bir tərəfdən təbiiliyə xidmət edirdi, digər tərəfdən isə çəkilişə mane olurdu. Onları başa salmaqdan yorulurduq.

 

- Çəkilişə necə mane olurdular ki?

 

- Filmdə bir kadr var e, Qılınc Qurban “Cəbrayıl, aç qapını”, – deyib Səyalının evinə girən Cəbrayılı çağırır. Onda da bütün kənd camaatı yığılmışdı. Kişilərin qabağını almaq olmurdu, qəzəbdən əsib-coşurdular. Yaradıcı heyət qorxu içində idi, çünki aktyoru öldürə bilərdilər. Ocaqov görəndə ki, camaatın qabağını ala bilmirlər, rayon mərkəzindən milisi köməyə cağırdı. Hər kəs elə bilirdi doğrudan da Cəbrayıl əsgər ailəsinin namusuna toxunub. Milis olmasaydı, onu öldürəcəkdilər. O kadr milis maşınlarının nəzarəti altında çəkildi.

 

- Rasim Ocaqov kənd camaatının çəkilişə necə reaksiya verəcəklərini qabaqcadan bilmirdi?

- Əslində, Ocaqov real həyatı çəkən rejissor olub. Onun bütün filmlərində reallıq əks olunub. Bəlkə də bilirdi, amma bu dərəcədə səs-küy yaranacağını bilmirdi. İsfəndiyar kişinin – Şeyxzamanovun “Ruhani” çaldığı kadrın da çəkilişi zamanı maraqlı anlar yaşadıq. Onu da deyim ki, ilk filmi olduğuna görə Ocaqov çəkilişə böyük məsuliyyətlə yanaşırdı. Bir dublu dəfələrlə çəkirdi.  Şeyxzamanovun “Ruhani” havası çaldığı kadrı doqquz dubl çəkdi. Hər dəfə də Məmmədrza Şeyxzamanov ağlayırdı. Çox duyğusal, həm də peşəkar aktyor idi. Bir dəfə də olsun etiraz etmirdi, doqquz dəfə dalbadal ağladı. Hər dəfə də kənd camaatı onunla birgə ağlayırdı. Ocaqovun xasiyyətini bilirdim. Mənə demirdi ki, belə oyna, deyirdi ki, Xalidə bir dəfə də oyna. Başa düşürdüm ki, dubl istədiyi kimi alınmayıb.

 

- Film premyeradan sonra necə qarşılandı?

- Çox gözəl.

 

- Yəni heç tənqid edən olmadı?

- Tənqid əvvəldən olmuşdu. Kinostudiyada  ssenari təsdiq olunanda demişdilər ki, kənd yerində əsgər namusuna toxunmaq insanların qəzəbinə səbəb olacaq, çünki o vaxt kənd yerində belə hadisələr olmurdu. Hətta əsərin müəllifi İsa Hüseynova da dedilər ki, ssenaridən bu məqam çıxarılsın. Razı olmadı və dedi ki, əslində, bu, bədii təxəyyülün məhsuludur.

 

- Ocaqov Sayalı obrazına niyə gürcü aktrisa Liya Eliavanı çəkmişdi?

- Rasim müəllim o aktrisanı çox bəyənirdi, ona görə.

 

- Bəlkə, fikirləşib ki, belə bir obrazda azərbaycanlı aktrisanın çəkilməsi kənd camaatı tərəfindən yaxşı qarşılanmaz?

- Bəlkə də…

 

- Sizin rolunuz necə qarşılandı?

- Hara gedirdimsə, məni Milli deyib çağırırdılar. Təsəvvür edin, filmdə bütün dialoqu əzbər deyirdilər. Yaxud da arxamca düşüb soruşurdular ki, manpası istəyirsən? Bu filmdən sonra mənə çoxlu məktublar gəldi. Qızlar məndən məsləhət istəyirdilər, bəziləri ilə görüşürdüm, söhbətləşirdim.

 

- Bu rola görə nə qədər qonorar aldınız?

- 1200 manat.

 

- Nəyə xərclədiniz o pulları, xatırlayırsınızmı?

- Bir hissəsini illik xərclərim üçün saxladım. Bir hissəsinə evimizə mebel və xalça aldım. 600 manatını da evimizin təmirinə xərclədik.